Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad və soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Fakt.info pravda.az-a istinadən xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İntiqam Nəbiyev 4 il və Fikrət Quliyev isə 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər. Fikrət Quliyev məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 14:00-da Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki, İntiqam Nəbiyev evlənmək məqsədilə zərərçəkmiş Sənubər Hacıyevanı (şərti) qaçırmaq qərarına gəlib. O, xalası oğlu Fikrət Quliyevlə birgə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı yolda qızın işə gedərkən qarşısını kəsib. Sonra İntiqam zərərçəkmişi xalası oğlunun idarə etdiyi "Opel Astra" avtomobilinə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub əyləşdirib. Daha sonra Fikrət maşını idarə edərək hadisə yerindən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fikrətin idarə etdiyi maşın saxlanılıb.
Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib, İntiqam Nəbiyevin barəsində həbs, Fikrət Quliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.