"Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə "Şimal-Cənub” dəhlizinin Azərbaycandakı əsas hissəsinin bərpa edilməsi məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.
Fakt.info müqaviləni "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov və ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Bu layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən qarşılanır. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək. Kredit üzrə faiz ödənişləri və digər ödənişlər ildə iki dəfə - hər il mayın 15-i və noyabrın 15-də həyata keçiriləcək.
Vəsait dəhlizin Sumqayıt-Yalama hissəsində 166 kilometrlik magistralın, o cümlədən mülki tikililərin və dəmir yolu keçidlərinin bərpasının başa çatdırılmasına yönəldiləcək. Bu kredit 2017-ci ildə təsdiq edilmiş və ölkənin dəmir yolu əməliyyatlarının müasirləşdirilməsinə yönəlmiş Dəmir Yolu Sektorunun İnkişaf Proqramının əlavə maliyyələşdirilməsidir. Bank ilkin olaraq Azərbaycan Dəmir Yollarına (ADY) 150 milyon ABŞ dolları ayırıb.
Əlavə maliyyələşdirmə ilkin layihənin genişləndirilməsinə və Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometrlik əsas marşrutun, o cümlədən mülki strukturların və dəmir yolu keçidlərinin ümumi bərpasına imkan verəcək.
Layihənin 2025-ci il dekabrın 31-dək başa çatdırılacağı gözlənilir.
Müqaviləyə əsasən, borcalan maliyyə dayanıqlılığının qorunub saxlanması üçün bazar risklərini, o cümlədən adekvat borc xidmətlərinin əhatə dairəsini, həmçinin inflyasiya, valyuta və faiz dərəcəsi risklərini əhatə etməklə yanaşı, yük və sərnişindaşıma tariflərini müntəzəm olaraq tənzimləməlidir. ADY təsdiq edilmiş maliyyə restrukturizasiya planı başa çatdıqdan, yəni 2024-cü ildən sonra borc xidmətlərinin ödənilməsi əmsalını 1,1-dən yuxarı saxlamalıdır.
ADY həmçinin yük və sərnişin qatarlarının təhlükəsiz və səmərəli istismarını təmin etmək üçün relslərin və digər layihə obyektlərinin (layihə dəmir yolu xətti üçün elektrifikasiya, siqnalizasiya və telekommunikasiya avadanlıqları) strukturunun və vəziyyətinin qənaətbəxş saxlanılmasını təmin etməyi öhdəsinə götürüb.
Azərbaycan 1999-cu ildə ADB-yə qoşulandan bəri bank nəqliyyat, energetika, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
ADB 1966-cı ildə təsis edilib və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir