Təhsil Nazirliyi daha iki tenderinin nəticələrini açıqlayıb.
Fakt.info xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi toplam 18 milyon manatlı iş gördürəcək.
Belə ki, nazirlik yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınmasını “Element YT” QSC-yə həvalə edib. Bunun üçün isə 10.664.973,49 manatlıq satınalma müqaviləsi imzalayıb.
İkinci tender isə Respublikanın təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını əhatə edir. Nazirlik bu məqsədlə ” Fərid” Firması ilə anlaşıb. 7.985.904,63 manatlıq müqavilə bağlayan tərəflərin işin icrasına başldığı qeyd edilir.
Qeyd edək ki, Təhsil Nazirliyi “Fərid” Firması ilə bundan əvvəl də bir neçə iri tender müqavilələri bağlayıb. Həmin müavilələrdən biri ötən ilin sonunda bağlanıb və dəyəri 1 826 877 manat olub.
İkinci müqavilə isə ilin əvvəlində imzalanıb ki, onun da dəyəri 4 648 759 manat təşkil edib.
Bildirək ki, “Fərid” firması 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qubad İbrahimov Kərəm oğludur. Hüquqi ünvanı AZ1149, Bakı şəhəri Xətai rayonu, Əhmədli ŞTQ, Əhmədli dön.1-4, ev 9, m. 12 ünvanında yerləşir.
Təhsil Nazirliyinin anlaşdığı digər şirkə, “Element YT” QSC də nazirliyə yad qurum deyil. Belə ki, nazirlik 2022-ci ildə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması üçün 15 milyonluq razılaşma əldə edib.
Bundan başqa, Təhsil Nazirliyi «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» üzrə 2021-ci ildə elan etdiyi tenderin də qalibi olaraq «ELEMENT YT» QSC-ni seçib. 21 sentyabr 2021-ci ildə sözügedən şirkəətlə 13 milyon 099 min 714 manatlıq müqavilə bağlanılıb.
Həmçinin nazirlik 2020-ci ildə «Element YT» MMC-yə daha bir tender verib. 11 noyabr 2020-ci il tarixində bu şirkətlə 12 milyon 399 min 775 manatlıq razılaşma əldə olunub.
Başqa sözlə, «Element YT» şirkəti son 3 ildə Təhsil Nazirliyindən «Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması» tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb.
Xatırladaq ki, «Element YT» QSC 2019-cu il yanvarın 16-də yaradılıb, Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 noyabr küçəsi, ev 15-də yerləşir, Nizamnamə kaitalı cəmi 2 min manatdır. Şirkətin qanuni təmsilçisi isə Paşayev Mətləb Allahverdi oğludur.