Alimlər qlioblastoma və digər sinir sistemi xəstəliklərinin müalicəsində inqilabi irəliləyiş əldə ediblər.
Lent.az “ScienceDaily” saytına istinadla xəbər verir ki, tədqiqatçılar immun hüceyrələrini beyinə yönləndirmək və şişləri hədəf alaraq məhv etmək üçün yeni bir “molekulyar GPS” texnologiyası hazırlayıblar. Bu innovativ yanaşma siçanlar üzərində aparılan təcrübələrdə müvəffəqiyyətlə sınaqdan keçirilib və texnologiyanın 2025-ci ildə klinik sınaqlarda tətbiq olunması gözlənilir.
ABŞ-da hər il təxminən 300 min insan beyin xərçəngi diaqnozu alır ki, bu da uşaqlarda xərçəngdən ölüm hallarının əsas səbəblərindən biridir. Qlioblastoma isə ən ölümcül beyin xərçəngi növlərindən biri hesab olunur. Ənənəvi müalicə metodları, o cümlədən cərrahiyyə və kimyaterapiya, yüksək risk daşıyır və beyinə dərmanların nüfuz etməsi həmişə mümkün olmur. Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları immun hüceyrələrə bədən daxilində hərəkət etməyə və dəqiq hədəfə çatmağa imkan verən “molekulyar poçt” sistemi hazırlayıblar. Bu sistem “poçt kodu” (beyin) və “küçə ünvanı” (xərçəng hüceyrəsi) vasitəsilə hüceyrələrin düzgün istiqamətə yönəlməsini təmin edir. Tədqiqatçılar beynin spesifik strukturlarında ifadə olunan “brevikan” adlı zülaldan “poçt kodu” kimi istifadə ediblər. Bu zülal yalnız beyində olur və beynin jeleyəbənzər strukturunun formalaşmasına kömək edir. “Küçə ünvanı” kimi isə qlioblastoma hüceyrələrində olan iki fərqli zülaldan istifadə olunub. Bu yanaşma ilə proqramlaşdırılmış T hüceyrələri yalnız brevikan zülalını aşkar etdikdən sonra beyin şişi ilə əlaqəli zülallardan birini müəyyən edir və həmin xərçəng hüceyrələrinə hücum edir. Bu üsul, bədənin digər orqanlarındakı eyni zülalların olduğu sağlam toxumaların zərər görməsinin qarşısını alır. Qan dövranına daxil edilən hüceyrələr siçanların beyninə yönləndilib və böyüyən şişi aradan qaldırıb. Qan dövranında qalan immun hüceyrələri isə hərəkətsiz qalıb. 100 gündən sonra siçanların beyninə yeni xərçəng hüceyrələri yerləşdirilib, lakin immun hüceyrələrin hələ də aktiv olduğu və yeni şiş hüceyrələrini taparaq məhv etdiyi müşahidə olunub. Bu, xərçəngin təkrarlanmasının qarşısının alınmasında böyük potensialı olan mühüm kəşfdir.