Fakt.info xəbər verir ki, 1989-cu ildən etibarən həmin gün Dünya Hemofiliya Federasiyasının və Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ictimaiyyətin diqqətini bu xəstəlikdən əziyyət çəkən insanların problemlərinə cəlb etmək məqsədi ilə qeyd edilir. Həmin gün beynəlxalq aləmdə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlik çağırışla müxtəlif tədbirlər keçirilir,dünyanın məşhur memarlıq abidələri al qırmızı rəngə boyanır.
Ölkədə qan xəstəlikləri ilə mübarizə və könüllü qan donorluğunun inkişafı sahəsində yeganə milli cəmiyyət olaraq fəaliyyət göstərən Qan Donorları Assosiasiyası hər il olduğu kimi bu il də mövzu ətrafında ictimai maarifləndirmə görüşünun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Əhalinin sağlamlığının qorunması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir. Respublika Prezidentinin təşəbbüsü ilə səhiyyənin ən vacib sahələr üzrə hazırlanmış Dövlət Proqramları uğurla həyata keçirilir. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti isə xüsusi vurğulanmalıdır. 2006-cı ildən etibarən həyata keçirilən bu proqramlar çərçivəsində 4000-ədək talassemiyalı, 1800-ədəkhemofiliyalı xəstələrin problemləri həllini tapmışdır, pasientlər təmənnasız şəkildə uyğun müalicə və müayinə ilə təmin olunurlar.Qeyd edək ki, dünyada 800 mindən çox hemofiliya xəstəsi var.
16 aprel tarixində Azərbaycan Milli QHT Forumunun dəstəyi, "Qan Donorları Assosiasiyası” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa ətrafında ictimai müzakirə və maariflənmə görüşündə vətəndaş cəmiyyəti nümayəndələri , hemofiliyalı pasientlər, mediya və dövlət rəsmiləri iştirak edib. Görüş zamanı ölkədə hemofiliyalı şəxslərin cəmiyyətə inteqrasiyası və onların sağlamlığının qorunması istiqamətində atılan addımlar müzakirə olunub.


