Masallı rayonu üzrə festivalın seçim turu Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində təşkil olunub. Seçim turunda səhnə ifaçılığı (aktyorluq, bədii qiraət, hekayəçilik), piano ifaçılığı, estrada oxuma, xanəndəlik sənəti, rəssamlıq, dekorativ-tətbiqi sənət, qarmon, milli rəqs, klassik simli alətlər, Azərbaycan xalq çalğı simli alətləri, xor nominasiyaları üzrə seçimlər olacaq.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır.
Mayın 5-dək davam edəcək seçim turlarında Masallı rayonu üzrə 385 fərdi ifaçının, həmçinin 2 kollektivin iştirakı nəzərdə tutulur. Birinci mərhələnin qalibləri festivalın zona mərhələsində iştirak hüququ əldə edəcəklər.











