Masallı rayonunda boks idman növünün təməlini qoyan, Boks üzrə Azərbayanın Əməkdar məşqçi, SSRİ İdman ustası Həbib Mehtiyev 70 illik yubiley yaşını qeyd edir.
Həbib Zeydi oğlu Mehtiyev 25 aprel 1955-ci ildə Ərkivan kəndinin Həsənəküçə məhəlləsində doğulub. O, Zeydi kişinin 12 övladından ən böyüyü idi.
1961-ci ildə Həsənəküçə kənd orta məktəbində təhsil almağa başlayır.
1971-ci ildə cənub bölgəsinin tanınmış təhsil ocaqlarından olan Ərkivandakı "Ağ məktəb"-in məzunu olur.
Fiziki cəhətdən güclü olan gənc Həbib orta təhsilini bitirən ili Özbəkistanin paytaxtı Daşkəndə yaşayan əmisinin yanına yollanaraq orada boks idman növünün sirlərinə yiyələnir.
1973-cü ildə Özbəkistan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur.
1977-ci ildə institutu SSRİ idman ustası olaraq bitirib, doğma Masallı rayonuna qaıdır.
1978-ci ildə Masallıda ilk dəfə boks idman növünü tədris etməyə başlayır.
Boksla məşğul olduğu illər ərzində müxtəlif böyük yarışlar eləcəde Özbəkistan və SSRİ birinciliyində iştirak edib yüksək nailiyyətlər əldə edir.
Fəaliyyəti illərində ölkə miqyaslı idmançılar yetişdirib. Tələbələri ölkə çempionatında və müxtəlif beynəlxalq turnirlərdə rayon və ölkəmizi layiqincə təmsil ediblər.
Yetirmələrindən Təbriz Hacızadə Rusiya Federasiyasının Qroznı şəhərində keçirilən Yeniyetmələrin Avropa birinciliyində 75 kq çəki dərəcəsində bürünc medal qazanması, Qoşqar Səfərlinin kişilər arasında 52 kq çəki dərəcəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qızıl medal, Neft ölkələrinin dünya çempionatında mükafat qazanmasını buna sübut olaraq göstərmək olar.
Həbib müəllimin qardaşları, qardaşı övladları arasında da peşəkar idmançılar var. Moskvada yaşayan qardaşı Yasərin oğlu 2008-ci il təvəllüdlü Altun Mehtiyev də əmisi Həbib müəllimin xeyir duası ilə boks idman növünə qədəm qoyub. Gənc boksçu artıq iki dəfə Moskva, bir dəfə Rusiya çempionu olub. Qarşısına dünya, olimpiya çempionatını hədəf qoyan Altun hazırda Boks üzrə Rusiya yığma komandasında təlim məşqləri keçir.
Həbib müəllimin üç övladı var. Oğlu Nizaməddin atasının yolunu layiqli davam etdirir. Nizaməddin Mehtiyev gənc boksçuların yetişməsində müəllim-məşqçi olaraq fəaliyyət göstərir.
Həbib Mehtiyev 2013-cü ildə idman sahəsində göstərdiyi yüksək nəaliyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əməkdar məşqçi dəxri adına layiq görülüb.
Cəfər Cəfərov