Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən 23 iyun 2025-ci il tarixindən gənclər və gənclər təşkilatları üçün “Konstitusiya və Suverenlik İli” çərçivəsində layihə təkliflərinin qəbulunu elan edir.
Fakt.info youthfoundation.az-a istinadən xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması, konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılması vasitəsilə “Konstitusiya və Suverenlik İli”nin ideya və mahiyyətinin geniş ictimaiyyətə çatdırılmasını təmin etməkdir.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə kateqoriyaları üzrə müraciətlərin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin məbləği:
Fond tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan, gənclər təşkilatlarının yerli layihələr üzrə müraciət məbləğinin dəyəri 10 000 (on min) manatdan, beynəlxalq layihələr üzrə 15 000 (on beş min) manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə iştirak etmək üçün 18-29 yaş aralığında Azərbaycan vətəndaşı olan gənclər və gənclər təşkilatları Fondun rəsmi internet saytından (www.youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq, elektron qaydada müraciət etməlidir;
- Müsabiqə çərçivəsində gənclər təşkilatları tərəfindən yerli və beynəlxalq layihə kateqoriyaları üzrə təqdim olunan yalnız bir layihənin maliyyələşdirilməsi Fond tərəfindən mümkün hesab olunur;
- Gənclər təşkilatları üçün layihələr yerli və beynəlxalq kateqoriyalar üzrə maliyyələşdirilir – Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyət yerli layihələr; ən azı iki xarici ölkədən olan gənclər təşkilatı və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının Azərbaycan Respublikasında həyata keçirdiyi, habelə Azərbaycan Respublikasından olan gənclərin iştirakı ilə xarici ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət beynəlxalq layihələr kateqoriyasına aiddir;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Müsabiqənin başlama tarixi:
- Layihə təklifləri 23 iyun 2025-ci il tarixindən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
- Layihə təklifləri üçün son müraciət tarixi 10 iyul saat 18:00 müəyyən edilib.