DataLife Engine / Masallıda şəhid adını daşıyan küçə çirkab içində qalıb - VİDEO

Masallıda şəhid adını daşıyan küçə çirkab içində qalıb - VİDEO

Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Mahir Binyatovun adını daşıyan küçənin sakinləri illərdir davam edən baxımsızlıqdan və məsuliyyətsizlikdən narazılıq edirlər.

Sakinlərin sözlərinə görə, uzun illərin ardından küçənin yalnız bir hissəsinə asfalt örtüyü döşənib, qalan hissə isə heç bir əsas olmadan yarımçıq qalıb. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, nəticə əldə edilməyib.

“30 ildən sonra nəhayət, bizim küçəyə də sıra gəldi. Amma işlər yarımçıq saxlanıldı. Nə səbəb göstərilir, nə də izah verilir. Yağış yağanda küçədə palçıq və çirkab sularından keçmək olmur. Şəhidin adını daşıyan küçəyə bu münasibət bizi çox incidir,” – deyə sakinlər bildiriblər.

Ərkivan sakinləri hesab edirlər ki, bu vəziyyət şəhid xatirəsinə hörmətsizlikdir və məsul qurumlar tərəfindən təcili şəkildə aradan qaldırılmalıdır.

Qeyd edək ki, Ərkivan qəsəbəsində 19 şəhidin xatirəsinə küçələr adlandırılıb. Lakin həmin küçələrdən yalnız 7-nə asfalt örtüyü salınıb, digərləri isə illərdir baxımsız vəziyyətdə qalır.

Sakinlər aidiyyəti dövlət qurumlarını bu məsələ ilə ciddi şəkildə maraqlanmağa, şəhid Mahir Binyatovun adını daşıyan küçədə yarımçıq qalan işlərin tam şəkildə yekunlaşdırılmasına çağırırlar.
18-10-2025, 09:03
Вернуться назад