Yeniyetmələr arasında təşkil olunan yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Nadir Ağayevin və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Güləş Federasiyasının əməkdaşı Elçin Cəfərov çıxış edərək turnirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu yarış həm yığma komandamıza yeni istedadların cəlb olunması, həm də yeniyetmələr arasında güləşin kütləviliyinin artırılması baxımından mühüm rol oynayır.
Nadir Ağayevin yetirməsi, turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov unudulmaz müəllimi ilə bağlı xatirələrini bölüşüb. Çıxışlarda Nadir Ağayevin Azərbaycan güləş məktəbinin formalaşmasında və inkişafında göstərdiyi böyük xidmətlər xüsusi vurğulanıb.
Turnirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycan Güləş Federasiyası tərəfindən Məşkur Qasımova diplom və hədiyyə təqdim olunub. Nadir Ağayevin qohumu Akif Ağayev də təşkilatçılara minnətdarlığını ifadə edib.
Tədbir “Masallı” və “Halay” rəqs qruplarının, həmçinin tanınmış müğənni Miriş Hüseynovun iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.
Daha sonra yarışlara start verilib.
İki gün davam edəcək turnirdə 2009–2011-ci il təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri 10 çəki dərəcəsində mübarizə aparırlar.
Yarış Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə edilib. Respublikanın müxtəlif şəhər və rayonlarından gələn 22 komandanın tərkibində 200-ə yaxın idmançı qüvvəsini sınayır.
Yarışın qaliblərinə təşkilat komitəsi və sponsor tərəfindən diplom, medal və pul mükafatları təqdim olunub.
Turnirin əsas məqsədi Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yunan-Roma güləşinin inkişafı və gənclər arasında kütləviliyinin artırılması, həmçinin ölkə yığmasına yeni istedadların seçilməsi olub.

















