DataLife Engine / Masallı Elektrik Şəbəkəsini fəaliyyəti narazılıq doğurdu - VİDEO

Masallı Elektrik Şəbəkəsini fəaliyyəti narazılıq doğurdu - VİDEO

“Masallı Xəbərləri MİP” adlı feyzbuk istifadəçisinin “Masallı Elektrik Şəbəkəsinin əməkdaşları Dənbəlov kəndində abonentlərin xidmətində” başlıqlı xəbəri Masallı ictimaiyyəti tərəfindən kəskin tənqid olunub.
Paylaşımda bildirilib ki, hava şəraitinin və relyefin çətinliyinə baxmayaraq, Masallı Elektrik Şəbəkəsinin əməkdaşları fasiləsiz elektrik enerjisi təminatı üçün “fədakarcasına” fəaliyyət göstərirlər. Videoda əməkdaşların texnikanın hərəkət edə bilmədiyi ərazidə dirəkləri əllə daşıyıb basdırdıqları göstərilib.
Lakin sözügedən video və paylaşım Masallı sakinlərinin ciddi narazılığına səbəb olub. Onlar hesab edirlər ki, səhifə real problemləri işıqlandırmaq əvəzinə, Masallı Elektrik Şəbəkəsinin fəaliyyətini birtərəfli şəkildə təbliğ edir.

Videonun şərh bölməsi onlarla tənqidi rəy və iradla doludur.
Masallı sakini Aydın Həsənzadə yazıb:
“Bu səhifəni kim idarə edir, yaxşı bilirəm. Adam ancaq müsbət şeyləri yazır, mənfi bir dənə fikir görmədim. Yalandan yola bir kamaz çınqıl töküb, bir 50 illik dirəyi qaldırıb paylaşmazlar. Qızıl ağac kəndində işıqlar külək olan kimi gedir, amma siz ancaq tərif yazırsız.”
Natəvan Halay adlı istifadəçi isə xidmətin məsuliyyətsizliyindən şikayətlənib:
“Həyətimizdə iki dirək ondan betər gündədi. Nə vaxt bədbəxt hadisə baş versə, o zaman gəlirsiniz. Vaxtında gəlmək olmur ki? Dəfələrlə demişik, qulaqlarınızı yuyun da bir az.”
Nuru Xanlarov ironiya ilə yazıb:
“Analoqsuz inkişafı görürük, texnika güclü işləyir.”
Zakir Rzayev sarkazmla qeyd edib:
“Texnologiyanın yüksək səviyyəsi!”
Nazim Hüseynov isə kobud formada narazılığını bildirib:
“Çürük dayaq kimin işinə yarayır?!”
Camaləddin Həsənov yazıb:
“Bir balaca külək əsən kimi qaranlığa bürünür Xırmandalı kənd.”
Anar Əmirov isə əlavə edib:
“Çürük dirəyi basdırdılar, iki ildən sonra bu da aşar. Budur Azərışığın işi.”

Videoda Masallı Elektrik Şəbəkəsinin əməkdaşlarının heç bir təhlükəsizlik tədbiri olmadan, dəbilqəsiz, formasız və qoruyucu vasitəsiz şəkildə elektrik dirəkləri basdırması da diqqət çəkib. Bu, əmək mühafizəsi və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
İstifadəçilər qeyd ediblər ki, bu cür səhlənkarlıq əməkdaşların həyatını təhlükə altına qoyur, üstəlik, elektrik təsərrüfatında keyfiyyətsiz və köhnə materialların istifadəsi faciəvi nəticələrə gətirib çıxara bilər.

Bir çox şərh müəllifləri “Masallı Xəbərləri MİP” səhifəsini yalnız tərif xarakterli, birtərəfli və sifarişli paylaşımlar etməkdə ittiham ediblər. Sakinlər bildiriblər ki, səhifə rayonun real problemlərini — köhnə elektrik dirəkləri, tez-tez baş verən işıq kəsintiləri, təhlükəli naqil xətləri və baxımsız infrastruktur kimi mövzuları — işıqlandırmır.

Masallı sakinlərinin fikrincə, belə paylaşımlar “problem həll etmək” əvəzinə, göz boyamaq və ictimai narazılığı gizlətmək məqsədi daşıyır.
//Fakt.info 
 


Bu gün, 11:40
Вернуться назад