DataLife Engine / Masallıda 5 uşaqlı ailə üçün yeni ev istifadəyə verildi

Masallıda 5 uşaqlı ailə üçün yeni ev istifadəyə verildi

Masallı Rayon İcra Hakimiyyəti və xeyriyyəçilərin dəstəyi ilə rayonda aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Fakt.info xəbər verir ki, bu çərçivədə Masallı rayonunun Meşəkənarı kəndində 5 uşaqlı aztəminatlı ailə üçün inşa olunmuş yeni fərdi yaşayış evi ailənin istifadəsinə verilib. Üç otaqlı, ümumi sahəsi 100 kvadratmetr olan ev müasir tələblərə uyğun şəkildə tikilərək zəruri yaşayış şəraiti ilə təmin edilib.

Yeni evin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Anar İsgəndərov, Elman Nəsirov, Cavanşir Paşazadə, Fəzail İbrahimli, Məşhur Məmmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda həssas ailələrə göstərilən diqqət və qayğının ölkəmizdə həyata keçirilən dövlət sosial siyasətinin real təzahürü olduğu vurğulanıb. Qeyd olunub ki, bu cür sosial layihələr cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bölgələrdə ardıcıl şəkildə həyata keçirilir və ailələrə ümid, sevinc bəxş edir.

Açılışda çıxış edənlər Masallıda bu xeyirxah işin ərsəyə gəlməsində əməyi olan xeyriyyəçilərə təşəkkürlərini bildiriblər. Yeni evə köçən ailə isə onlara göstərilən diqqət və qayğıya görə dövlət və rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd olunub ki, bu kimi sosial layihələr dövlət–vətəndaş birliyinin real əməllərlə möhkəmləndiyini bir daha sübut edir.







29-01-2026, 21:10
Вернуться назад