DataLife Engine / Xaricdən bir telefon almaq icazəlidir, ikincisi isə “cərimədir” – yeni gömrük qərarının pərdəarxası

Xaricdən bir telefon almaq icazəlidir, ikincisi isə “cərimədir” – yeni gömrük qərarının pərdəarxası

Nazirlər Kabineti mobil telefonların ölkəyə gətirilməsi ilə bağlı gömrük qaydalarında dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, fiziki şəxslər hər təqvim ili ərzində bir dəfə mobil cihazı güzəştli qaydada gömrükdən keçirə biləcəklər.

Qərara görə, vətəndaşlar şəxsi istifadə üçün xaricdən gətirdikləri bir ədəd mobil telefonu aksiz vergisindən azadolma tətbiq olunmaqla ölkəyə daxil edə biləcəklər. Bu güzəşt yalnız ildə bir dəfə və yalnız bir cihaz üçün keçərlidir. İkinci və daha artıq mobil telefon gətirildiyi halda isə aksiz vergisi və müvafiq dövlət rüsumları tətbiq olunacaq.

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında bildirib ki, ölkəyə idxal olunan mobil telefonlara tətbiq edilən rüsum və vergilər faktiki olaraq vətəndaşın cibinə yönələn əlavə yükə çevrilib:

"Bu gün smartfon lüks deyil — təhsil, iş, bank əməliyyatları və dövlət xidmətlərinə çıxış üçün zəruri vasitədir. Belə bir məhsula yüksək fiskal yanaşma sosial baxımdan əsaslandırılmış görünmür. Mövcud rüsum siyasəti nə real rəqabəti qoruyur, nə də qiymətlərin stabilləşməsinə xidmət edir. Əksinə, nəticədə telefon bazarında qiymətlər region ölkələri ilə müqayisədə daha baha formalaşır və vətəndaş eyni məhsul üçün daha çox pul ödəməyə məcbur qalır”.

İqtisadçı qeyd edib ki, yüksək rüsumlar kölgə mexanizmlərinin yaranmasını da təşviq edir:

"Rüsumların yüksək olması kölgə yollarını aradan qaldırmır, sadəcə onları daha ‘yaradıcı’ edir. Bu isə həm istehlakçı hüquqlarını risk altına salır, həm də dövlətin nəzarət imkanlarını zəiflədir. Əgər məqsəd doğrudan da bazarın sağlamlaşdırılmasıdırsa, həll yolu cərimə və rüsumların artırılması deyil, şəffaf və sosial yönümlü vergi siyasətinin qurulmasıdır. Əks halda bu yanaşma rəqəmsal bərabərsizliyi dərinləşdirir və vətəndaşı cəzalandıran mexanizmə çevrilir”.
Dünən, 16:06
Вернуться назад