Fakt.info xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, eləcə də Masallı, Cəlilabad, Lənkəran, Lerik, Yardımlı və Astara rayonlarından olan idmançılar və rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Festival Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra festivalda iştirak edən rayonların idmançıları və region komandaları tədbir iştirakçılarına təqdim edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, martın 5-i Azərbaycanda idmanın, sağlam həyat tərzinin və gənc nəslin fiziki inkişafının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu günün təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsaslanır və ölkədə idmanın inkişafına mühüm töhfə verib. Vurğulanıb ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionları ilə görüşü milli idman strategiyasının formalaşmasında mühüm mərhələ olub.
Çıxış edən Teymur Babazadə və Rəhim Rəhimov da qeyd ediblər ki, keçirilən idman paradı və I Regional İdman Festivalı Masallı rayonunun idman ənənələrinə sadiqliyini və regionda idmanın inkişafı istiqamətində ardıcıl addımlar atıldığını bir daha nümayiş etdirir. Bildirilib ki, gənclərin idmana cəlb olunması onların fiziki və mənəvi inkişafına, sağlam və vətənpərvər ruhda yetişməsinə xidmət edir.
Rəsmi hissənin sonunda rayonun idman sahəsində səmərəli fəaliyyətinə, sağlam həyat tərzinin təbliğinə və yüksək idman nailiyyətlərinin əldə olunmasına verdiyi töhfələrə görə bir qrup məşqçi-müəllim və idmançı Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təltif olunaraq Araz Əhmədov tərəfindən Fəxri Fərmanlarla mükafatlandırılıb.
Tədbir Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Region idmançılarının I festivalı” çərçivəsində idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları ilə yekunlaşıb.





























