DataLife Engine / Ağdamda "Tarixin yaddaşı, ilmələrin dili" sərgisi açılıb

Ağdamda "Tarixin yaddaşı, ilmələrin dili" sərgisi açılıb

Ağdam rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının əməkdar rəssamı Şıxəliyev Adil Həmdulla oğlunun Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin Yaddaşı, İlmələrin Dili” adlı 5-ci fərdi yaradıcılıq sərgisi keçirilib.

Fakt.info xəbər verir ki, layihə rəhbəri Aygün Əzizova olan sərgidə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Əməkdar rəssam Adil Şıxəliyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Qalereyanın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 Sərgi zamanı rəssamın əl işlərindən ibarət sənət əsərlərinə baxış keçirilmişdir.
Əməkdar rəssam Adil Şıxəliyevin 5-ci fərdi yaradıcılıq sərgisi təntənəli açılışla başladı.

Sərginin təşkilatçıları Mədəniyyət Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyadır. Bu birgə təşəbbüs incəsənətimizin inkişafına, sənətkarlarımıza göstərilən diqqət və qayğıya nümunədir.

Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov və sərginin müəllifi, əməkdar rəssam Adil Şixəliyev çıxış ediblər.

Vaqif Həsənov çıxışında qeyd edib ki, bütöv Ağdamda  belə əhəmiyyətli mədəniyyət hadisəsinin keçirilməsi rayon üçün böyük şərəfdir. O, Ulu Öndər Heydər Əliyevin Ağdam rayonuna hər zaman xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb, bu sərginin də həmin qayğının davamı olduğunu vurğulayıb.

Elnurə İsgəndərova çıxışında qeyd edib ki, Beynəlxalq Qalereya olaraq əsas məqsədləri Azərbaycan incəsənətinin dünyada tanıdılması və sənətkarlarımıza dəstək olmaqdır. Adil Şıxəliyev kimi ustad rəssamların əsərlərinin təbliği onlar üçün şərəf işidir. O, bu serginin həm Ağdamda, həm də beynəlxalq səviyyədə böyük əks-səda doğuracağına əminliyini ifadə edib.

Namiq Həsənov vurğulayıb ki, Ağdam rayon Heydər Əliyev Mərkəzi işğaldan azad olunmuş torpaqlarımızda mədəniyyət həyatının canlandırılması missiyasını daşıyır. Bu cür sərgilər Ağdamın mədəniyyət paytaxtı kimi əzəli simasının bərpasına xidmət edir. Ulu Öndərin adını daşıyan bu mərkəzdə onun xatirəsinə həsr olunmuş sərginin açılması tarixi bir hadisədir.

Əməkdar rəssam Adil Şıxəliyev çıxışında təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, qobelen sənəti onun üçün yalnız sənət deyil, həm də tarixi yaddaşın qorunması vasitəsidir. Ulu Öndərin obrazını ilmələrdə əks etdirmək onun üçün böyük şərəfdir. Rəssam vurğulayıb ki, hər bir əsər aylarla, bəzən illərlə işlənir və nəticədə yaranan əsər sadəcə tablo deyil, ruhun, hisslərin canlı təcəssümüdür.

Mərasimdə qeyd edilib ki, Adil Şıxəliyevin əsərləri Rusiya, Gürcüstan, Almaniya, Çexiya və Türkiyənin ən nüfuzlu sərgi salonlarında nümayiş olunub. Onun bu gün açılan 5-ci fərdi yaradıcılıq sərgisi davamlı yaradıcılıq axtarışlarının, inkişaf edən sənətkarlıq məktəbinin nümunəsidir.

Sərgidə əməkdar rəssamın 
"Ağdam", "20 Yanvar", "Qarabağ zəfəri",  "Quba Soyqırımı", "Şuşada toy", "Gecə çiçəyi", "Şuşada 10 May", "Silinməz izlər", "8 Noyabr", "Sürət" adlı 
 qobelen əsərləri nümayiş olunur. Hər bir əsər ilmə-ilmə işlənmiş, tarixin nəfəsini, mədəniyyətimizin zənginliyini, xalqımızın qəhrəmanlığını əks etdirən orijinal sənət nümunəsidir. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlər xüsusi yer tutur.
Sərgiyə Bakıdan gedən fəxri qonaqların siyahısı:
-Vüqar Şixəliyev 
-İsmayıl Şixəliyev 
-Nurəddin Məmmədov 
-Minə Məmmədova
-Günay Məmmədova
-Aygün Kamilqızı 
-Mehriban Zeynalova
-Zakir İbrahimov 
-Camal İsgəndərov 










Müxbir: Aygün Oqtay
Operator: Camal

Dünən, 16:42
Вернуться назад