Elm xadimləri, ziyalılar, tələbələr və şagirdlərin iştirak etdiy tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək qeyd etdi ki, gənclərin təhsili və inkişafı hər zaman diqqət mərkəzindədir. O vurğuladı ki, ilk dəfə olaraq tələbələrin semestr göstəricilərinə əsasən mükafatlandırılması təşəbbüsü onların daha böyük uğurlara ruhlandırılması məqsədi daşıyır.
Sonra Xeyriyyə Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu və görülən işlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Nümayişdən sonra çıxış edən fəxri qonaqlar – tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, əməkdar jurnalist və tərcüməçi Zakir Abbas, filologiya elmləri doktoru, professor, Respublikanın Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, iqtisad elmləri doktoru, professor, şair Rəsmiyyə Sabir, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə veteranlar arasında dünya çempionatının medalçısı Elgiz Məmmədov və müəllim Şəfa Məmmədova gənclərə dəyərli tövsiyələr verərək onların uğurlarını yüksək qiymətləndirdilər. Çıxış edənlərin sözləri tələbələr üçün həm motivasiya, həm də gələcəyə inam oldu.
Tələbələr adından çıxış edən, orta məktəbi qızıl medalla bitirən və hazırda Bakı Dövlət Universitetində təhsil alan istedadlı gənc Zəhra Əliyeva bu təşəbbüsə görə dərin təşəkkürünü ifadə etdi. Onun çıxışı gənclərin iç dünyasını, arzularını və minnətdarlığını əks etdirən səmimi anlarla yadda qaldı.
Tədbirin ən həyəcanlı və yaddaqalan məqamı isə mükafatlandırma mərasimi oldu. Əzmlə çalışan, gecəsini-gündüzünə qatan tələbələrin zəhməti layiqincə dəyərləndirildi. 13 nəfər əlaçı tələbənin hər birinə 300 manat, 18 nəfər zərbəçinin hər birinə 150 manat, respublika səviyyəli tədbirlərdə uğur qazanan 7 şagirdin hər birinə 150 manat və onların müəllimlərinin hər birinə 100 manat pul mükafatı və hədiyyələr təqdim olundu.
Bu tədbir bir daha göstərdi ki, elmə qoyulan sərmayə gələcəyə qoyulan ən dəyərli sərmayədir. Ərkivanda yanan bu işıq, şübhəsiz ki, sabahın uğurlu və savadlı nəslinin formalaşmasına xidmət edir.























