Teatrın repertuar planına uyğun olaraq Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan və nəsillər boyu uşaqların sevimlisinə çevrilən məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yenidən səhnəyə gətirilir.
Uzun illərdir ki, həm dünya uşaq ədəbiyyatında, həm də Azərbaycan folklorunda xüsusi yer tutan bu nağıl kukla teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub və hər dəfə balaca tamaşaçıların böyük marağı ilə qarşılanıb. Bu dəfə isə yaradıcı heyət əsərə yeni səhnə baxışı gətirərək onu daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim edir.
Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb. Bu yanaşma sayəsində klassik folklor nümunəsi müasir səhnə dili ilə təqdim olunur və tamaşaçını nağılın sehrli dünyasına aparır. Tamaşa “Şəngülüm, Məngülüm” adı ilə səhnələşdirilib.
Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır. Bu da tamaşanın yalnız əyləncəli deyil, həm də maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Elza Seyidcahandır.
Musiqi tərtibatı və səhnə həlli tamaşanın ümumi ovqatını zənginləşdirərək balaca tamaşaçılar üçün maraqlı və yaddaqalan atmosfer yaradır.
Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları Səbinə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.
Səhnə əsərinin əsas məqsədi uşaqlara həm maraqlı və əyləncəli teatr ab-havası yaşatmaq, həm də xalq nağıllarımızın zəngin irsini yeni nəsillərə onların baxış bucağı və vizual zövqünə xitab etməklə sevdirməkdir.
Onu da qeyd edək ki, “Şəngülüm, Məngülüm” tamaşasının premyerası 29 mart tarixində keçiriləcək. Premyera günü tamaşa saat 12:00, 14:00 və 16:00 seanslarında nümayiş olunacaq.
Azərbaycan Dövlət Kukla Teatrı bütün balaca tamaşaçıları və valideynləri bu rəngarəng nağıl dünyasına səyahətə dəvət edir.
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidməti













