Bu gün Azərbaycan güləş tarixinin canlı əfsanələrindən biri, böyük pəhləvan və ustad məşqçi, SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Şöhrət” ordenli Yaqub Məmmədov 80 illik yubileyini qeyd edir.
Fakt.info xəbər verir ki, Yaqub Əkbər oğlu Məmmədov 18 aprel 1946-cı ildə Masallı rayonunun Ərkivan kəndinin Pələngküştə məhəlləsində anadan olub. O, idman aləminə bir qədər gec – 15 yaşında, Bakı Energetika Texnikumunda təhsil alarkən Dinamo İdman Cəmiyyəti tərkibində sərbəst güləşlə başlayıb. Qısa müddətdə böyük uğurlar qazanan Yaqub Məmmədov 1966-cı ildə, cəmi 20 yaşında SSRİ çempionu adına layiq görülüb.
1961–1973-cü illərdə müxtəlif respublika və beynəlxalq yarışlarda uğurla çıxış edən idmançı 80-dən çox beynəlxalq görüş keçirib və onların 69-da qalib gəlib. O, dəfələrlə Azərbaycan çempionu, SSRİ birinciliyinin qalibi və mükafatçısı olub. 1969–1971-ci illərdə SSRİ yığmasının tərkibində Çexoslovakiya, İran, Əfqanıstan, Polşa və ABŞ-də keçirilən yarışlarda qalib və mükafatçı olub.
1970-ci ildə Dağıstanın Mahaçqala şəhərində keçirilən SSRİ çempionatında o, beşqat dünya çempionu, məğlubedilməz pəhləvan Əli Əliyev üzərində tarixi qələbə qazanıb. Yaqub Məmmədov ardıcıl 17 il ərzində rəqiblərinə xal vermədən Azərbaycan çempionu olub.
1966–1971-ci illərdə SSRİ-nin gənclər və əsas yığma komandalarının üzvü olan idmançı 1970-ci ildə beynəlxalq dərəcəli idman ustası adını alıb. O, 1971-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1967-ci ildə başlayan Yaqub Məmmədov 1974-cü ildən Respublika Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi kimi çalışıb və uzun illər milli komandanın aparıcı məşqçilərindən biri olub. 1975-ci ildə Kiyevdə keçirilən SSRİ xalqlarının VI Spartakiadasında Azərbaycan millisi onun rəhbərliyi ilə 2-ci yerə layiq görülüb.
1986-cı ildə “Əməkdar məşqçi” fəxri adını alan Yaqub Məmmədov 41 illik məşqçilik fəaliyyəti dövründə yetirmələri ilə birlikdə 150-dən çox medal qazanıb. Onun rəhbərliyi ilə müstəqil Azərbaycan güləşçiləri beynəlxalq arenalarda, o cümlədən Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük uğurlar əldə ediblər.
Onun yetirmələri arasında Namiq Abdullayev (Olimpiya çempionu), Nazim Əlicanov, Elman Əsgərov, Arif Abdullayev, Mariya Stadnik və Yuliya Ratkeviç kimi tanınmış idmançılar var.
2000-ci ildə yüksək nailiyyətlərinə görə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. 2006-cı ildən İlham Əliyevin sərəncamı ilə prezident təqaüdçüsüdür. 2018-ci ildə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Hazırda Yaqub Məmmədov Azərbaycan Güləş Federasiyasında idman şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirir.
Yaqub Məmmədovun 80 illik ömür yolu – zəhmətlə yazılmış şərəfli tarixdir. Onu yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq.
Cəfər Cəfərov