DataLife Engine / “Bankların lizinq faizi kredit faizindən daha çoxdur” – Deputat

“Bankların lizinq faizi kredit faizindən daha çoxdur” – Deputat

Milli Məclisin iclasında "Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib, sənədin əhəmiyyətindən danışıb.
Deputat Vüqar Bayramov çıxışında deyib ki, Maliyyə icarəsi haqqında Qanunun qəbul edilməsi maliyyə lizinqi sahəsində nəzarətin güclənməsinə və tənzimləmələrə imkan verəcək:
"Daha məqsədəuyğun olardı ki, qanun layihəsi ilə birlikdə risk qiymətləndirilməsi də təqdim olunsun. Azərbaycanda bankların lizinq faizi kredit faizindən daha çoxdur. Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3.5 faiz, istehlak kreditləri üzrə 7 faiz olsa da, avtomobil lizinqləri üzrə faiz dərəcəsi daha aşağı, 2 faiz ətrafında dəyişir. Qazaxıstanda orta kredit faizi 19 faiz olsa da, avtomobil kreditləri üzrə faiz 14 faizdir”.
V.Bayramov qeyd edib ki, Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır:
"Digər tərəfdən, ilkin ödəniş tələbi də var. Göründüyü kimi, lizinq şərtləri cəlbedici deyil. Reyster qeydiyyatı, hesabatlılıq rəqabətə necə təsir edəcək? Bu tələblər lizinq xidmətinin banklarda təmərküzləşməsinə səbəb olacaqmı?
Minimum kapital tələbi qanunla konkret meyara bağlanılsın ki, bazar çıxış imkanlarına neqativ təsir göstərməsin. Bir sıra ölkələrdə hüquqi şəxslər ilə yanaşı, fiziki şəxslər də maliyyə icarəsiylə məşğul olurlar. Amma yeni qanun fiziki şəxslərə lizinq fəaliyyəti ilə məşğul olmaq imkanı verməyəcək. ABŞ təcrübəsindən istifadə olunsa da, arayışda qeyd edilmir, məsələn, bazar dəyərinin 90, istismar müddətinin 75 faiz və daha çox olması sözügedən ölkədən götürülüb”.
 
\musavat
Dünən, 14:17
Вернуться назад