Son bir əsr ərzində insan kəlləsinin formasında nəzərəçarpacaq dəyişikliklər baş verib. XX əsrin əvvəllərində yaşamış şəxslərlə müasirlərimizin baş quruluşunu müqayisə edən yapon tədqiqatçılar bu qənaətə gəliblər.
Fakt.info xəbər verir ki, elmi işin nəticələri "American Journal of Biological Anthropology" (AJBA) jurnalında dərc edilib.
Mütəxəssislər 1900-1920-ci illərdə vəfat etmiş insanların kəllə sümüklərinin kompyuter tomoqrammalarını təhlil edərək, onları 2022-2024-cü illərdə dünyasını dəyişmiş müasir yaponların skan məlumatları ilə tutuşdurublar. Dəqiq nəticələr əldə etmək üçün üçölçülü modellər üzərində 161 anatomik nöqtədən istifadə olunub. Məlum olub ki, yüz il ərzində kəllə sümüyü daha dairəvi forma alıb: başın uzunsov forması müasir insanlara daha az xasdır. Bununla yanaşı, üz cizgiləri də fərqlənib - yanaq sümükləri daralıb, üst çənə genişlənib, burun isə daha incə və qabarıq olub. Həmçinin, alimlər alın nahiyəsinin qısaldığını və qulaqarxası sümük çıxıntılarının böyüdüyünü qeyd ediblər.
Tədqiqat qrupunun rəhbəri Şiori Usuinin sözlərinə görə, bu cür dəyişikliklər təkamüllə izah edilə bilməyəcək qədər sürətlə baş verib. Çox güman ki, bu hallar həyat tərzi ilə əlaqədardır: uşaqlıq dövründə qidalanmanın və səhiyyənin yaxşılaşması, habelə daha az çeynəmə səyi tələb edən və üz sümüklərinin formalaşmasına təsir göstərən yumşaq qidalara keçid mühüm rol oynayıb. Kişilər və qadınlar arasındakı fərqlərin artması isə tədqiqatın gözlənilməz nəticəsi olub. Qadınlarla müqayisədə kişilərdə qaşüstü qövslər daha qabarıq, sümük çıxıntıları daha böyük, üz isə daha nəzərəçarpan şəkil alıb. Bu isə həyat tərzinin yaxınlaşmasının bu cür fərqləri aradan qaldırmalı olduğu barədəki fərziyyə ilə ziddiyyət təşkil edir.
\Oxu.Az