Uzun illər Masallı rayonunun mədəni həyatında mühüm rol oynamış, Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində səmərəli fəaliyyət göstərmiş, hazırda isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri kimi çalışan, “Tərəqqi” medallı tanınmış mədəniyyət işçisi Vəkil İsmailov 70 illik yubileyini qeyd edir.
İsmailov Vəkil Əli oğlu 4 may 1956-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə başlayan Vəkil İsmailov 1975–1977-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildən etibarən isə həyatını bütövlükdə mədəniyyət sahəsinə həsr edib.
Onun peşəkar fəaliyyəti əsasən Masallı rayonunun mədəniyyət ocaqları ilə bağlı olub. 1999-cu ildən Masallı Rayon Mədəniyyət Evinin direktoru və eyni zamanda Həmkarlar Komitəsinin sədri vəzifəsinə təyin edilən Vəkil İsmailov, sonradan struktur dəyişiklikləri nəticəsində Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirib. Uzun illər bu vəzifədə çalışaraq rayonun mədəni həyatının inkişafına mühüm töhfələr verib, zəngin ənənələrin qorunub saxlanılmasına və yeni layihələrin həyata keçirilməsinə rəhbərlik edib.
Onun rəhbərliyi dövründə Masallıda çoxsaylı mədəni tədbirlər, teatr tamaşaları, konsert proqramları, festivallar və müxtəlif layihələr təşkil olunub. Bu tədbirlər rayonun ictimai-mədəni həyatını canlandırmaqla yanaşı, gənc nəslin estetik zövqünün formalaşmasına da müsbət təsir göstərib.
Vəkil İsmailovun əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaranmasının 110 illiyi münasibətilə “Döş nişanı”, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 və 30 illik yubileyləri ilə əlaqədar xüsusi döş nişanları ilə təltif olunub. Həmçinin, ölkədə həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bundan əlavə, müxtəlif illərdə Mədəniyyət Nazirliyi, Regional Mədəniyyət İdarəsi və rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və mükafatlarla təltif edilib.
Bu gün Vəkil İsmailov fəaliyyətini Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri kimi uğurla davam etdirir. O, bu vəzifədə də mədəniyyət işçilərinin hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması və sahənin inkişafı istiqamətində mühüm addımlar atır.
Vəkil müəllim yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də şəxsi keyfiyyətləri ilə seçilən ziyalılardandır. Sadəliyi, səmimiyyəti, insanlara olan diqqət və qayğısı onu cəmiyyət arasında hörmətli bir şəxsiyyətə çevirib.
O, həmkarları üçün etibarlı rəhbər, dostları üçün sədaqətli insan, ailəsi üçün isə qayğıkeş ata və nümunəvi ailə başçısıdır. Üç ali təhsilli övlad atası olan Vəkil İsmailov üçün ailə hər zaman ən böyük dayaq və ilham mənbəyi olub.
Bununla yanaşı, o, ictimai fəaliyyət sahəsində də fəaldır. Vəkil İsmailov Ərkivan Xeyriyyə Cəmiyyətinin “Mədəni-kütləvi tədbirlər” komissiyasının sədri kimi müxtəlif sosial, mədəni və maarifləndirici layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Onun təşəbbüsü ilə reallaşdırılan tədbirlər cəmiyyətin müxtəlif təbəqələrinə müsbət təsir göstərir, xüsusilə gənclərin inkişafına yönəlmiş layihələr böyük əhəmiyyət daşıyır.
Masallının mədəni mühitində özünəməxsus iz qoymuş belə ziyalıların fəaliyyəti hər zaman yüksək dəyərləndirilməlidir. Çünki məhz bu cür insanlar milli-mənəvi dəyərlərin yaşadılmasında, gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırlar.
Vəkil İsmailovu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Cəfər Cəfərov