Mayın 15-də Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzindəki tədbirdə rayon rəsmiləri, qonaqlar, mədəniyyət işçiləri və geniş ictimaiyyət nümayəndələri iştirak edirdi.
Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla anıldı, Dövlət himnimiz səsləndi.
Sonra yubilyarın zəngin həyat və yaradıcılıq yolundan bəhs edən “Ömrün pərdə arxası” adlı sənədli film nümayiş olundu.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Astara RİHB-nın müavini Firəngiz Sadıqova, iki şəhid anası Ziba Əsgərova, Lənkəran Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Mədəniyyət nazirliyinin sabiq əməkdaşı Oqtay Muxtarov Lətifə Mövsümovanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, uzunillik səmərəli fəaliyyətindən və insanlıq keyfiyyətlərindən danışdılar.
Yubilyarı təbrik edənlər ona ən xoş arzularını çatdırıb, xatirə hədiyyələrini təqdim etdilər.
Tədbir rayonun incəsənət ustalarının iştirakı ilə maraqlı və rəngarəng bədii proqramla davam etdi. Musiqi nömrələri və səhnəciklər yubiley gecəsinə xüsusi ovqat qatdı.
Sonda çıxış edən Lətifə Mövsümova keçdiyi ömür yolundan kövrək xatirələrini bölüşərək, ona göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına, qonaqlara və bütün iştirakçılara dərin minnətdarlığını bildirdi.
Akif AĞAYEV,
foto: Elsevər Əliyev, Faiq Mirzəyev.














