Tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himnimiz səsləndirildi.
Açılış mərasimində Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi İlham Məmmədov və Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov çıxış edərək turnirin əhəmiyyətindən bəhs edib, regionlarda idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və sərbəst güləşin inkişafına göstərilən diqqətin önəmini xüsusi vurğuladılar.
Çıxışlarda qeyd olundu ki, yarışın əsas məqsədi güləş idman növünün daha geniş təbliği, perspektivli idmançıların üzə çıxarılmasıdır.
Daha sonra turnirin təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə bir qrup şəxsə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim olundu.
Rəsmi hissədən sonra yarışlara start verildi. Turnirin ilk günündə müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşdi, onlar təşkilat komitəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif edildilər.
Qeyd edək ki, 23-24 may tarixlərini əhatə edən turnirdə regionun müxtəlif şəhər və rayonlarından 180-ə yaxın idmançı 17 çəki dərəcəsində mübarizə aparır.
Akif AĞAYEV,
foto: Elsevər Əliyev











