Fakt.info xəbər verir ki, hər il olduğu kimi Masallı rayonunda da 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov, idarənin əməkdaşları və media nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və "Qəhrəmanlar Parkı" Abidə Kompleksini ziyarət edərək önünə tər gül dəstələri düzmüş, əziz xatirələrini ehtiramla yad etmişlər.
Daha sonra idarənin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Niyaməddin Sultanzadənin və şəhid Sübhan Həsənovun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Tədbirdə çıxış edən idarə rəisi Akif Həmidov əməkdaşları peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. O, çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəisi Zakir Quliyevin bayram təbriklərini kollektivə çatdırmışdır. Bildirilmişdir ki, su təsərrüfatı və meliorasiya işçiləri dövlətimizin göstərdiyi diqqət və qayğıya cavab olaraq əhalinin içməli su ilə təminatı, əkin sahələrinin suvarılması, mövcud meliorasiya və su təchizatı sistemlərinin qorunub saxlanılması istiqamətində üzərlərinə düşən vəzifələri bundan sonra da yüksək məsuliyyətlə yerinə yetirəcəklər.
Tədbirin sonunda əmək fəaliyyətində fərqlənən bir qrup işçi Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi tərəfindən "Fəxri fərman"la təltif olunmuşdur.



















