Fakt.info xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov meliorasiya və su təsərrüfatı sahəsində çalışan əməkdaşlar və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik edib, bu əlamətdar günün sahə əməkdaşlarının fədakar əməyinə verilən yüksək qiymətin ifadəsi olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində su təsərrüfatı infrastrukturu müasirləşdirilir, yeni layihələr icra olunur, əkin sahələrinin su təminatı daha da yaxşılaşdırılır. Natiq rəhbərlik etdiyi idarənin fəaliyyəti barədə məlumat verərək rayonda suvarma sistemlərinin etibarlı istismarı, kollektor-drenaj şəbəkələrinin saxlanılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, melioratorların əzmkarlıqla çalışaraq rayonun aqrar potensialının inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.
Sonra çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, meliorasiya sistemi kənd təsərrüfatının inkişafının əsas dayaqlarından biridir. O qeyd edib ki, ölkəmizdə su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların münbitliyinin artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülür. Təşkilat sədri vurğulayıb ki, su təsərrüfatı işçiləri öz peşəkarlığı və zəhməti ilə bu mühüm sahənin inkişafına dəyərli töhfələr verir, ölkənin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. O, sahə əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavinləri Rövşən Məmmədov və Abbas Mikayılov, Hüquq və insan resursları şöbəsinin rəisi Təranə Əliyeva, Nəqliyyat şöbəsinin rəisi Samuray Məhərrəmov, Abonent xidməti şöbəsinin mühəndisi Ağabəyim Məmmədova, Texniki istehsalat və istismar şöbəsinin mühəndisi Əli Əlizadə peşə bayramı münasibətilə həmkarlarını təbrik edərək, ölkədə su təsərrüfatı və meliorasiya sahəsinə göstərilən dövlət qayğısından danışıblar. Natiqlər sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin kənd təsərrüfatının məhsuldarlığının artırılmasında və torpaq ehtiyatlarından səmərəli istifadənin təmin olunmasında mühüm rol oynadığını vurğulayıblar.
Sonra tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına və “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir qrup əməkdaşı Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunub. Həmçinin, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

























