Cənub bölgəsinin tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətinə həsr olunmuş, uzunmüddətli araşdırmaların və zəhmətli əməyin nəticəsi olan “Doğma elin simaları” kitabının birinci cildi işıq üzü görüb.
Fakt.info xəbər verir ki, kitabın müəllifi Cənubunsəsi Xəbər Portalının təsisçisi və baş redaktoru, “Liqa” qəzetinin baş redaktoru, jurnalist və ictimai fəal Mərhəmət Lələyevdir.
Müəllif uzun illərdir Azərbaycanın cənub bölgəsində yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin həyat yolunu, yaradıcılığını və cəmiyyətə xidmətlərini araşdıraraq ictimaiyyətə təqdim edir. O, 2016-cı ildə yaratdığı “Masallının Səsi” informasiya resursunda, daha sonra isə Cənubunsəsi Xəbər Portalında minlərlə insan haqqında məqalə, reportaj və müsahibələr dərc edib. Eyni zamanda bölgənin görkəmli simalarına həsr olunmuş çoxsaylı sənədli filmlərin müəllifi və layihə rəhbəri kimi tanınır.
“Doğma elin simaları” nəşri müəllifin illər ərzində topladığı materiallar, apardığı araşdırmalar və keçirdiyi görüşlər əsasında hazırlanıb. Layihənin əsas məqsədi cənub bölgəsinin ictimai-siyasi, elmi, mədəni, təhsil, səhiyyə, idman və digər sahələrdə xidmətləri ilə seçilən insanların həyat və fəaliyyətini sənədləşdirmək, onların irsini gələcək nəsillərə çatdırmaqdır.
Üç cilddən ibarət nəzərdə tutulan nəşrdə ümumilikdə 3000-dən çox cənublu haqqında məlumatın yer alması planlaşdırılır. Artıq nəşr olunan birinci cilddə Lənkəran, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Astara və Cəlilabad rayonlarını təmsil edən 361 nəfər haqqında geniş bioqrafik məlumatlar öz əksini tapıb.
Müəllifin sözlərinə görə, hazırda kitabın ikinci və üçüncü cildləri üzərində işlər davam etdirilir. Növbəti nəşrlərdə yüzlərlə yeni sima haqqında məlumatın oxuculara təqdim olunması nəzərdə tutulur.
Kitabın ərsəyə gəlməsində peşəkar redaksiya heyətinin də mühüm rolu olub. Baş redaktor Əməkdar jurnalist və yazıçı-tərcüməçi Zakir Abbas, baş məsləhətçi pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov, elmi məsləhətçi tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, redaktor isə yazıçı-publisist Akif Ağayev olub.
Nəşrin korektoru Faiq Mirzə, dizayneri Elsevər Əliyev, mətnin kompüter yığımını həyata keçirən isə MirSadiq Eminovdir. Kitabın naşiri “Dodo” qəzetinin təsisçisi və baş redaktoru İradə Məlikova olub.
Qeyd edək ki, layihənin həyata keçirilməsi xeyriyyəçi insanların dəstəyi ilə mümkün olub. Kitabın birinci cildi tanınmış iş adamı, xeyriyyəçi, “Masallı Electronics” şirkətinin təsisçisi Ruslan Bağışov və Masallıda fəaliyyət göstərən AMOR Şirniyyat və Dekor Evinin təsisçisi, iş xanımı Sədaqət xanımın maliyyə dəstəyi ilə çap edilib.
Mərhəmət Lələyev kitabın nəşrinə dəstək göstərən hər kəsə təşəkkür edərək bildirib ki, “Doğma elin simaları” yalnız bir kitab deyil, həm də cənub bölgəsinin tarixini, yaddaşını və görkəmli insanlarının həyat yolunu yaşadan mühüm ensiklopedik mənbədir.
“Doğma elin simaları” kitabının nəşri cənub bölgəsinin tarixi yaddaşının qorunması, tanınmış şəxsiyyətlərinin gələcək nəsillərə tanıdılması və bölgənin mənəvi irsinin yaşadılması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Nəşrin gələcəkdə tədqiqatçılar, tarixçilər və geniş oxucu auditoriyası üçün dəyərli mənbələrdən biri olacağı gözlənilir.