DataLife Engine / Masallıda “Sağlam məhəllə” idman zonasının açılışına nazir gəldi - FOTOLAR

Masallıda “Sağlam məhəllə” idman zonasının açılışına nazir gəldi - FOTOLAR

İyunun 24-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Masallı şəhərində növbəti “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Masallı şəhəri, Qarabağ küçəsi 10 ünvanında yaradılmış “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib.

Fakt.info xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçi-müəllimlər və şəhər sakinləri iştirak ediblər.
Açılış mərasimində Nazir Fərid Qayıbov sakinlərlə və gənc idmançılarla səmimi söhbət apararaq onların fikir və təkliflərini dinləyib, əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şəhər sakinləri söhbət zamanı rayonlarda belə idman obyektlərinin istifadəyə verilməsinin dövlətin idmana və gələcək nəslə göstərdiyi diqqətin təzahürü kimi qiymətləndirdiklərini bildiriblər.
Layihə çərçivəsində yaradılmış idman zonasında mini-futbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, eləcə də müxtəlif yaş qrupları üçün müasir idman avadanlıqları quraşdırılıb. Yeni infrastrukturun sakinlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və kütləvi idmanın inkişafına mühüm töhfə verəcəyi qeyd olunub.
“Sağlam məhəllə” idman zonasının istifadəyə verilməsi regionda idman infrastrukturunun genişləndirilməsi istiqamətində atılan növbəti mühüm addım olmaqla yanaşı, əhalinin fiziki fəallığının artırılmasına və sağlam həyat tərzinin formalaşdırılmasına xidmət edir.

Qeyd edək ki, Masallı şəhərində istifadəyə verilən bu idman məkanı Lənkəran-Astara iqtisadi rayonunda yaradılan ikinci “Sağlam məhəllə” idman zonasıdır.
















Dünən, 19:42
Вернуться назад