Masallı rayonunun su təsərrüfatı və meliorasiya sahəsində uzun illər səmərəli fəaliyyəti ilə tanınan, peşəkarlığı, zəhmətkeşliyi və insanpərvərliyi ilə böyük hörmət qazanan Hüseyn Əmirli 60 illik yubileyini qeyd edir.
Əmirli Hüseyn Murtuz oğlu 28 iyun 1966-cı ildə Masallı rayonunun Qəriblər kəndində anadan olub. Ömrünün böyük hissəsini doğma kəndinə, doğma elinə bağlı keçirən Hüseyn müəllim bu gün də həmin kənddə yaşayır. Ailəlidir, 3 övlad atasıdır.
1983-cü ildə Masallı rayon Ərkivan kənd orta məktəbini bitirdikdən sonra həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1991-ci ildə institutun “Hidro-meliorasiya” fakültəsini mühəndis-hidrotexnik ixtisası üzrə uğurla başa vurub. 1984–1986-cı illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1987-ci ildə Viləşçay Su Anbarı İstismarı İdarəsində başlayan Hüseyn Əmirli illər ərzində müxtəlif məsul vəzifələrdə çalışaraq meliorasiya və su təsərrüfatı sahəsində zəngin təcrübə qazanıb. Hazırda Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində sahə rəisi vəzifəsində fəaliyyətini uğurla davam etdirir.
Hüseyn müəllim yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də ictimai işlərdə fəallığı, insanlara qayğıkeş münasibəti ilə seçilən ziyalılardandır. O, 1993-cü ildən etibarən idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri kimi kollektivin sosial rifahının yaxşılaşdırılması və əmək hüquqlarının qorunması istiqamətində daim təşəbbüskar mövqe nümayiş etdirib. Eyni zamanda, 2009–2025-ci illərdə Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyası Masallı Rayon Komitəsinin sədri kimi rayonun ictimai həyatında mühüm rol oynayıb.
Hüseyn Əmirli mənəvi dəyərlərə və milli-mənəvi irsimizə bağlılığı ilə də ətrafında böyük hörmət qazanıb. O, 2004-cü ildə müqəddəs Həcc ziyarətində olaraq İslam dininin müqəddəs borclarından birini yerinə yetirib. Səmimiyyəti, sadəliyi və insanlarla mehriban münasibəti onu tanıyanların rəğbətini qazandıran əsas xüsusiyyətlərdəndir.
60 illik yubileyi münasibətilə Hüseyn Əmirlini səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Yubileyiniz mübarək, Hüseyn müəllim!