Fakt.info xəbər verir ki, tədbir RPŞ-nin həyətində şəxsi heyətin sıra düzümü ilə başlayıb. Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Elşən Talıbov şəxsi heyətin bayram münasibətilə düzüldüyünü şöbənin rəisi, polis polkovniki Azay Ağayevə məruzə edib. Azay Ağayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, daxili işlər naziri Vilayət Eyvazovun təbrik məktubunu oxuyub.
Polis əməkdaşları və tədbir iştirakçıları Masallı şəhərində ucaldılan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbir Ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək polis əməkdaşlarını təbrik edib, onların ictimai asayişin qorunması, vətəndaş təhlükəsizliyinin təmin olunması və cinayətkarlığa qarşı mübarizədəki xidmətlərini yüksək qiymətləndirib.
Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev isə geniş məruzə ilə çıxış edərək rayonda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən, eləcə də cinayətkarlığa qarşı mübarizədə əldə olunan nəticələrdən danışıb.
Çıxış edənlər polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətindən söz açaraq onları peşə bayramı münasibətilə təbrik ediblər.
Tədbirdə polis orqanlarında səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş Masallı Rayon İcra hakimiyyəti və Masallı Rayon Polis Şöbəsinin diplom və fəxri fərmanları ilə təltif olunub. Təltif olunan əməkdaşlar göstərilən etimada görə təşəkkür edərək, bundan sonra da xidmətlərini layiqincə davam etdirəcəklərini bildiriblər.
Bayram tədbirləri çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RPŞ-nin rəisi Azay Ağayev və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə turizim bölgəsi olan Qəriblər kəndində Masallı RPŞ-nin yeni inşa edilmiş polis sahə məntəqəsinin, həmçinin Viləş kəndində yerləşən və 8 kəndi əhatə edən yeni polis sahə məntəqəsinin açılışı olub.
Sonda çay süfrəsi arxasında Masallının veteran polis əməkdaşları ilə görüş keçirilib. Səmimi şəraitdə keçən görüşdə veteranlar xidmət illəri ilə bağlı xatirələrini bölüşüb, gənc polis əməkdaşlarına peşələrini vicdanla və ləyaqətlə yerinə yetirməyi, vətəndaşlara diqqət və həssaslıqla yanaşmağı tövsiyə ediblər.
Görüş zamanı veteranlara göstərilən diqqət və ehtiramın onlar tərəfindən məmnunluqla qarşılandığı vurğulanıb.






















