DataLife Engine / Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb.

Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştirak edirlər. Zirvə toplantısında qlobal və regional təhlükəsizlik məsələləri, müdafiə xərclərinin artırılması, kollektiv müdafiənin gücləndirilməsi, həmçinin NATO-nun gələcək strategiyası ətrafında geniş müzakirələr aparılacaq.

Bununla yanaşı, sammit çərçivəsində liderlər arasında ikitərəfli görüşlərin keçirilməsi, bir sıra mühüm qərarların qəbul olunması və yekun bəyannamənin imzalanması gözlənilir.

Politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, burada müzakirəyə çıxarılacaq bir neçə mühüm məsələ var:

"NATO-nun Türkiyədə keçiriləcək sammiti çox diqqət çəkir. Burada müzakirəyə çıxarılacaq bir neçə mühüm məsələ var. Ən əsas məsələ ABŞ-nin son illərdə, xüsusilə də İran-İsrail gərginliyi fonunda NATO-nun hərbi xərcləri ilə bağlı irəli sürdüyü mövqedir. ABŞ hesab edir ki, NATO-nun maliyyə yükünü təkbaşına daşımaq istəmir və alyansa üzv digər ölkələr müdafiə xərclərini artırmalıdır. Bu baxımdan Almaniya, Fransa, İtaliya kimi ölkələrin də üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsi və müdafiə büdcələrini artırması gözlənilir. Düşünürəm ki, sammitdə bu məsələ ətrafında geniş müzakirələr aparılacaq”.

Politoloq qeyd edib ki, Digər mühüm mövzu Rusiya-Ukrayna müharibəsi olacaq:

"Digər mühüm mövzu Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibənin gedişi fonunda Ukraynaya gələcək hərbi və maliyyə yardımlarının necə davam etdiriləcəyi müzakirə ediləcək. Eyni zamanda, Rusiyanın təhdidi altında olan NATO üzvləri – Finlandiya, Latviya, Litva, Estoniya və Polşanın təhlükəsizliyinin təmin olunması, alyansın bu istiqamətdə hansı strateji xətti izləyəcəyi də əsas müzakirə mövzularından biri olacaq”.

O qeyd edib ki, İran məsələsi də gündəmdə olacaq:

"İran məsələsi də gündəmdə olacaq. ABŞ NATO-nun bu proseslərdə daha fəal iştirak etməsini istəyə bilər. ABŞ NATO-nun proseslərə cəlb edilməsini istəyə bilər. ABŞ-nin İranın cəzalandırılması istiqamətində beynəlxalq koalisiyanın yaradılması ilə bağlı fikirlərinin olması mümkündür. NATO-nun isə bu mövzuya yaşıl işıq yandıracağını düşünmürəm. Çünki NATO ilk növbədə Avropa təhlükəsizliyini təmin etmək məqsədi daşıyan bir təşkilatdır. Alyansın əsas missiyası Avropa məkanının müdafiəsidir. ABŞ prezidenti də Konqresin razılığı olmadan belə bir müharibəyə başlayıb. Buna görə də bu məsələ müzakirə olunsa da, real qərarların qəbul ediləcəyini düşünmürəm”.

T.Rzayev bildirib ki, digər mühüm məsələ isə NATO daxilində mövcud olan fikir ayrılıqlarıdır:

"Digər mühüm məsələ isə NATO daxilində mövcud olan fikir ayrılıqlarıdır. Xüsusilə Türkiyə-Yunanıstan, Türkiyə-Kipr və Türkiyə-İsrail münasibətlərindəki gərginliklər alyans daxilində müəyyən fikir ayrılıqları yaradır. Bundan başqa, Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsi və ya mümkün sülh prosesi ilə bağlı üzv dövlətlərin fərqli mövqeləri də müzakirə olunacaq. Hazırda NATO daxilində ən ciddi fikir ayrılığı məhz bu məsələ ətrafındadır”.
Bu gün, 17:16
Вернуться назад