15 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının təşkilatçılığı ilə Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri, yazıçı, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəlinin 70 illik yubileyi münasibətilə möhtəşəm və yaddaqalan tədbir keçirildi.
Fakt.info yubiley mərasimi yalnız tanınmış bir söz adamının ömür yoluna həsr olunmuş tədbir deyildi. Bu gün, əslində, Azərbaycan söz sənətinin, milli-mənəvi dəyərlərimizin, ziyalılıq ənənələrinin, ədəbiyyatın və qələmin təntənəsi idi. Tədbirdə səslənən hər çıxış, deyilən hər fikir Arif Fərzəlinin yaradıcılığına, şəxsiyyətinə və Azərbaycan ədəbiyyatındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsi kimi yadda qaldı.
Uzun illər ərzində Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edən, poeziyanın, publisistikanın və nəsrin inkişafına mühüm töhfələr verən Arif Fərzəli öz zəngin yaradıcılığı ilə minlərlə oxucunun rəğbətini qazanmış, xüsusilə milli ruhun, Vətən sevgisinin, insan mənəviyyatının və yüksək əxlaqi dəyərlərin təbliğində böyük xidmətlər göstərmiş qələm sahiblərindən biridir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açıq elan etdi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Seyfəddin Əliyev çıxışında Arif Fərzəlinin zəngin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatına bəxş etdiyi qiymətli əsərlərdən, milli düşüncənin formalaşmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə göstərdiyi misilsiz xidmətlərdən geniş bəhs etdi. O vurğuladı ki, Arif Fərzəli yaradıcılığı ilə doğma torpağa bağlılığı, insan sevgisini, milli-mənəvi dəyərləri, vətəndaş məsuliyyətini və Azərbaycançılıq ideologiyasını daim ön plana çəkən ziyalılardandır. Bildirildi ki, belə şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə keçirilməsi gələcək nəsillər üçün də böyük mənəvi əhəmiyyət daşıyır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şəhər şöbəsinin müdiri Qafar Cəfərli, tanınmış tənqidçi, professor Vaqif Yusifli, əməkdar jurnalist, yazıçı və tərcüməçi Zakir Abbas, "Yeni Həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Jurnalistlər Birliyinin Masallı Rayon Təşkilatının sədri Akif Ağayev, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılov, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru jurnalist Mərhəmət Lələyev, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri, Fakt İnfo xəbər portalının təsisçisi və baş redaktoru Cəfər Cəfərov, Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Zamin Məmmədov, şairlər Ağamir Cavad, Xanəli Toloş, Camal Lələzadə, Alıq Nağıoğlu, ziyalılar, müəllimlər, mədəniyyət işçiləri, media nümayəndələri, ictimai fəallar və çoxsaylı gənclər iştirak etdilər.
İlk məruzə üçün söz Əlizaman Baxışa verildi. O, Arif Fərzəlinin həyat və yaradıcılıq yolunu geniş şəkildə təhlil edərək onun poeziyasının əsas ideya istiqamətlərindən, milli ruhu, Vətən sevgisini, insan mənəviyyatını və yüksək mənəvi dəyərləri tərənnüm edən əsərlərindən ətraflı danışdı. Məruzə zamanı Arif Fərzəlinin müxtəlif şeirlərindən nümunələr səsləndirildi, tanınmış xalq şairlərinin, yazıçıların, akademiklərin və ədəbiyyatşünas alimlərin onun yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd olundu ki, Arif Fərzəlinin yaradıcılığı Azərbaycan poeziyasının müasir inkişaf mərhələsində özünəməxsus yer tutur.
Ardınca Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şəhər şöbəsinin müdiri Qafar Cəfərli çıxış edərək bildirdi ki, Arif Fərzəli uzun illərdir Cənub bölgəsinin ədəbi mühitinin inkişafına mühüm töhfələr verir, gənc qələm sahiblərinin yetişməsində yaxından iştirak edir və Azərbaycan Yazıçılar Birliyinin nüfuzlu üzvlərindən biri kimi böyük hörmət qazanıb.Lənkəranlı şair Ağamir Cavad çıxışında Arif Fərzəlinin poeziyasının milli ruhu, yüksək bədii dili, səmimiyyəti və oxucuya doğmalığı ilə seçildiyini vurğulayaraq onun yaradıcılığının zaman keçdikcə daha böyük dəyər qazandığını bildirdi.
Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov yubilyarın təkcə yazıçı kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı şəxsiyyət olduğunu qeyd etdi. O, kollecin kollektivi adından Arif Fərzəliyə xatirə hədiyyəsi təqdim etdi. Daha sonra kollecin tələbələri yubilyarın şeirlərini yüksək peşəkarlıqla bədii qiraət edərək tədbirə xüsusi rəng qatdılar və alqışlarla qarşılandılar.
Əməkdar jurnalist, yazıçı və tərcüməçi Zakir Abbas, "Yeni Həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı Rayon Təşkilatının sədri Akif Ağayev, təhsil işçiləri adından Soltanağa Cəfərov, Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru jurnalist Mərhəmət Lələyev, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri və Fakt İnfo xəbər portalının təsisçisi, baş redaktoru Cəfər Cəfərov, şairlər Xanəli Toloş, Camal Lələzadə, Alıq Nağıoğlu, Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Zamin Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı Rayon Komitəsinin sədri Vəkil İsmayılov çıxışlarında Arif Fərzəlinin zəngin yaradıcılığına, ictimai fəaliyyətinə, yüksək insani keyfiyyətlərinə, sadəliyinə, ziyalılığına və Azərbaycan ədəbiyyatına verdiyi misilsiz töhfələrə yüksək qiymət verdilər. Qeyd olundu ki, Arif Fərzəlinin adı Azərbaycan ədəbi mühitində böyük hörmət və ehtiramla çəkilir.
Tədbirdə iştirak edə bilməyən Masallının ilk qadın professoru Rəsmiyyə Sabir və əməkdar jurnalist Əli Nəcəfxanlı göndərdikləri rəsmi təbrik məktublarında yubilyara ən xoş arzularını çatdıraraq onun Azərbaycan ədəbiyyatına xidmətlərini yüksək qiymətləndirdiklərini bildirdilər.
Yubiley tədbiri boyunca müxtəlif dövlət və qeyri-hökumət təşkilatları, ictimai birliklər, media qurumları və yaradıcı kollektivlər tərəfindən Arif Fərzəliyə fəxri fərmanlar, diplomlar, təşəkkürnamələr, qiymətli hədiyyələr və xatirə sovqatları təqdim olundu. Hər təqdimat yubilyarın uzun illər ərzində qazandığı nüfuzun, xalq sevgisinin və ədəbi xidmətlərinin təzahürü kimi dəyərləndirildi.
Yekun nitqi ilə çıxış edən tanınmış tənqidçi, professor Vaqif Yusifli Arif Fərzəlinin yaradıcılığına ədəbi-tənqidi prizmadan geniş qiymət verərək bildirdi ki, o, Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti, fərdi üslubu və dərin fəlsəfi düşüncəsi ilə seçilən müəlliflərdəndir. Professor vurğuladı ki, Arif Fərzəlinin əsərlərində milli kimlik, Vətən sevgisi, insan taleyi, mənəviyyat və həyat fəlsəfəsi yüksək sənətkarlıqla əks olunur və bu yaradıcılıq Azərbaycan ədəbi prosesinin mühüm və ayrılmaz hissəsidir.
Sonda yubilyar Arif Fərzəli ona göstərilən yüksək diqqətə və ehtirama görə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatına, tədbirin təşkilatçılarına, çıxış edən qonaqlara, onu təbrik edən bütün dostlarına, həmkarlarına və tədbir iştirakçılarına səmimi minnətdarlığını bildirdi. O qeyd etdi ki, oxucu sevgisi, ziyalıların etimadı və dostlarının rəğbəti onun üçün ən böyük mükafatdır. Arif Fərzəli vurğuladı ki, bundan sonra da qələminə sadiq qalacaq, Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni əsərlər yazacaq və söz sənətinə xidmət etməyə davam edəcək.
Yüksək əhvali-ruhiyyə, səmimiyyət və qarşılıqlı hörmət şəraitində keçən yubiley tədbiri xatirə şəkillərinin çəkilməsi, müəlliflə görüş, kitabların imzalanması, səmimi söhbətlər və xoş təəssüratlarla başa çatdı.
Bu möhtəşəm yubiley bir daha nümayiş etdirdi ki, Azərbaycan cəmiyyətində sözə verilən dəyər, qələmə göstərilən ehtiram, ziyalıya olan hörmət və milli-mənəvi irsimizə bağlılıq yaşayır, inkişaf edir və gələcək nəsillərə ötürülür. Arif Fərzəlinin 70 illik yubileyi təkcə bir ömür yolunun deyil, bütöv bir yaradıcılıq məktəbinin, zəngin ədəbi irsin və Azərbaycan söz sənətinin təntənəsi kimi tarixə yazıldı.
































