DataLife Engine / Bu qələbə tarixi nailiyyətdir - Valdas Dambrauskas

Bu qələbə tarixi nailiyyətdir - Valdas Dambrauskas



























"İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "KuPS"la Finlandiyada keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.

"Sabah" 2:0 hesablı qələbə qazanaraq 3-cü mərhələyə yüksəlib. Dambrauskas qələbəni belə şərh edib:

"Belə bir nəticəni əldə etdiyimiz üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. "KuPS”a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram.  Çox çətin bir oyunu geridə qoyduq. "KuPS”un azarkeşləri öz komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən daha yaxşı oynadıqlarını demək olar. 

Xoşbəxtlikdən, qol buraxmadıq. Fasilədə müəyyən dəyişikliklər etdik və nə etməli olduğumuz barədə danışdıq. Futbolçularımın bu gün deyilənlərə diqqətlə qulaq asmasından və tapşırıqları yerinə yetirməsindən çox razıyam. Bəlkə də başqa bir gündə daha çox qol vura bilərdik.
İndi isə yolumuza davam edirik. Bu gecə birbaşa Azərbaycana uçuruq və gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkar turnirdir. Heç kimi gözləmir və futbolçulardan çox böyük enerji tələb edir".

Litvalı mütəxəssis "İlk matçdan sonra oyun planınız necə idi? Çox dəyişiklik etmişdiniz?" sualını isə belə cavablandırıb:

"İlk qarşılaşmada qalib gələndə və bu qədər böyük üstünlüyə sahib olanda nəyisə dəyişməli olduğunuzu düşünmək çətindir. Daha çox eyni oyun tərzini davam etdirməyə çalışırsınız və rəqibin edəcəyi dəyişikliklərə uyğun reaksiya vermək istəyirsiniz. Çünki dəyişiklik etməli olan tərəf onlar idi.

Düşünürəm ki, ilk hissədə "KuPS" bizi çətin vəziyyətə salmaq üçün düzgün oyun planı seçmişdi. Təşəbbüs və topa nəzarət onlarda idi. Meydanın mərkəzində bizə qarşı çox aqressiv, fərdi şəkildə təzyiq göstərirdilər. Uzun müddət oyuna daxil olmaqda çətinlik çəkdik.

Daha sonra futbolçularımızdan birini uzun müddət itirdik. Onun burnundan qan gəlirdi, forması qan olmuşdu və qanaxmanı dayandıra bilmirdik. Buna görə də uzun müddət on nəfərlə oynamaq məcburiyyətində qaldıq. Bu, bizim üçün çox çətin idi və böyük enerji itirməyimizə səbəb oldu. Amma qeyd etdiyim kimi, ikinci hissədə futbolçulara bəzi videoepizodları göstərdik və oyunumuzda müəyyən dəyişikliklər etdik. Meydanın mərkəzində boş qalan oyunçunu tapmağa və boşluqlardan daha yaxşı istifadə etməyə başladıq. Həmin hücumlardan birinin nəticəsində qol vurduq. Düşünürəm ki, bundan sonra oyun bizim üçün daha asan keçdi".


















Dünən, 23:00
Вернуться назад