DataLife Engine / Ərbəin günündə Lerikdə konsert narazılığı – sakinlərdən "Relax Lerik"lə bağlı etiraz

Ərbəin günündə Lerikdə konsert narazılığı – sakinlərdən "Relax Lerik"lə bağlı etiraz

Avqustun 3-ü – hicri təqvimi ilə Səfər ayının 20-si, Kərbəla şəhidlərinin qırxının tamam olduğu Ərbəin günüdür. Bu gün təkcə dini təqvimdə bir tarix deyil, milyonlarla müsəlman, xüsusilə də şiə əqidəsinə mənsub insanlar üçün hüzn, ehtiram və mənəvi dəyərlərin yaşadıldığı müqəddəs matəm günüdür.
Belə bir gündə musiqili şou proqramı təşkil etmək nə dərəcədə etikdir?

Məhz bu sual Lerik rayonunun bir qrup sakininin Fakt.info Xəbər Portalına ünvanladığı şikayət məktubunda səsləndirilir.

Şikayətçilərin bildirdiyinə görə, rayon ərazisində fəaliyyət göstərən "Relax Lerik" Ailəvi İstirahət Mərkəzi sosial şəbəkə hesablarında avqustun 3-də DJ Rafeel Trumpet, DJ İsrafil Rəsulov və müğənni Gülnar Ələkbərlinin iştirakı ilə konsert proqramı keçiriləcəyini elan edib.

Sakinlər hesab edirlər ki, Ərbəin kimi müqəddəs matəm günündə əyləncə proqramı təşkil olunması onların dini hissələrinə hörmətsizlikdir. Onlar bildirirlər ki, Lerik dini-mənəvi dəyərlərinə bağlı rayonlardan biridir və burada matəm günlərinə hər zaman xüsusi ehtiram göstərilib.

Müraciət müəllifləri qeyd edirlər ki, əvvəllər istirahət mərkəzinin sahibi, sabiq millət vəkili İqbal Məmmədov dini mərasimlərə həssas yanaşar, matəm günlərində bu cür şou proqramların keçirilməsinə imkan verməzdi. Onların iddiasına görə, obyekt hazırda icarəyə verildiyindən, onu idarə edən şəxslər yerli əhalinin dini inanclarını və mənəvi dəyərlərini nəzərə almırlar.

Sual olunur: Kommersiya marağı cəmiyyətin dini dəyərlərindən üstün tutulmalıdırmı? Ərbəin günü də məhz konsert keçirmək zəruridirmi? Tədbiri bir gün sonraya keçirmək bu qədərmi çətindir?
Söhbət kiminsə istirahət hüququnun məhdudlaşdırılmasından getmir. Söhbət cəmiyyətin böyük bir hissəsinin müqəddəs hesab etdiyi matəm gününə hörmət göstərilməsindən gedir. Dini etiqad azadlığı yalnız ibadət etmək hüququ deyil, həm də insanların müqəddəs saydığı günlərə qarşı həssas yanaşma tələb edir.

Lerik sakinləri aidiyyəti qurumları və istirahət mərkəzinin rəhbərliyini yaranmış narazılığı nəzərə almağa, Ərbəin gününə planlaşdırılan əyləncə proqramını ləğv etməyə çağırırlar.

Qeyd: Yazıda yer alan fikirlər Fakt.info Xəbər Portalına müraciət etmiş sakinlərin iddialarını əks etdirir. Redaksiya "Relax Lerik" Ailəvi İstirahət Mərkəzinin və təşkilatçıların mövqeyini də dərc etməyə hazırdır.




Bu gün, 16:09
Вернуться назад