DataLife Engine / Lənkəranın "Beluga beach" çimərliyində pul yığmaq fırtınası - VİDEO

Lənkəranın "Beluga beach" çimərliyində pul yığmaq fırtınası - VİDEO

Xəzər dənizi digər dənizlərlə müqayisədə sakit olsa da, onun Lənkəran sahillərində yerləşən “Beluga Beach” adlı çimərlikdə böyük bir fırtına, qasırğa var.
Bu, pul yığmaq fırtınası, özbaşınalıq qasırğasıdır.

Ötən illərin çimərliyi bu ildən qonşuluqdakı “Mona Beach” çimərliyini də icarəyə götürərək, sanki “burada bizik, Bağdadda kor xəlifə” prinsipi ilə yazılmamış qanunlarla idarə olunur.
İddialara görə, hər gün çimərliyə gələn 600–700 nəfərin hər birindən əraziyə daxil olmaq üçün 2 manat giriş haqqı alınır. Lakin bu ödənişin müqabilində heç bir qəbz təqdim olunmadığı bildirilir.

Ümumiyyətlə, çimərliyin idarə olunması ilə bağlı ciddi narazılıqlar var. Belə ki, heç kim əlində hazır qida, ərzaq və su ilə çimərliyə daxil ola bilmir. Vətəndaşlara “Bura gəlmisinizsə, mütləq bizdən almalısınız” deyildiyi, etiraz edənlərə isə elə qapıda təzyiq göstərilərək geri qaytarıldığı bildirilir.
Çimərlikdə çalışan bəzi işçilərin kobud və özündənrazı davranışları da narazılıq doğurur. Şikayət edən vətəndaşlara “Get, əlindən gələni et” kimi cavabların verildiyi iddia olunur.
Bu münasibət istər-istəməz sual doğurur: görəsən, bu özbaşınalığın arxasında kimlər dayanır? Əgər belə bir himayə yoxdursa, necə olur ki, günün günorta çağı vətəndaşların hüquqları, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri və müştərilərlə davranışın elementar etik qaydaları bu qədər rahat şəkildə tapdanır?

Əgər çimərlikdə həqiqətən də ödənişlər qəbzsiz həyata keçirilir və qanunvericiliyin tələb etdiyi hallarda müvafiq ödəniş sənədləri təqdim olunmursa, bu məsələ aidiyyəti qurumların diqqətindən yayınmamalıdır.

Heç bir post-terminal və ya digər qanuni ödəniş imkanlarının təqdim edilməməsi, qəbz verilməməsi və bunun nəticəsində vergidən yayınma ehtimalı ciddi araşdırma tələb edən məsələdir.

Yəqin ki, Lənkəranda fəaliyyət göstərən 6 saylı Ərazi Vergilər Baş İdarəsi bu iddialara aydınlıq gətirə bilər.
Çünki Xəzərin Lənkəran sahillərində dəniz nə qədər sakit olsa da, “Beluga Beach”dəki fırtınanın dalğaları artıq sahildən kənara da çıxmağa başlayıb.
İndi əsas sual budur: bu fırtınaya kim son qoyacaq?

Bu gün, 08:35
Вернуться назад