DataLife Engine / Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı

Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi işsizlərin sayında artım qeydə alınıb.

Belə ki, bu il iyulun 1-nə ölkə üzrə 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,5 faiz artıb.

Rəsmi işsizlərin sayının yüksəlməsi ölkənin əmək bazarında baş verən proseslərlə bağlı suallar yaradır. Bəs işsizlərin sayındakı artımın əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, işsizliyin azalması üçün əsas istiqamət qeyri-neft sektorunun inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır:"Qeyri-neft sektoru inkişaf etməlidir. İqtisadiyyat inkişaf etməlidir ki, şirkətlər yeni iş yerləri açsınlar. Əvvəldən də ölkədə qeyri-neft sektorunun inkişafı yaxşı vəziyyətdə deyildi. Dövlət iş yerləri açırdı, amma dövlətin iş yeri açması da məqsədəuyğun deyildi. Birincisi, dövlət bürokratiyası böyüyür, ikincisi də davamlı surətdə verginin artırılmasına və neft pulundan asılılığa gətirib çıxarır”.

İqtisadçı qeyd edib ki, dövlət üçün daha dayanıqlı model özəl sektorun və qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsidir:

"İndi yeganə stabil, sağlam yol qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Qeyri-neft sektoru inkişaf etməlidir, qeyri-neft iqtisadiyyatı artmalıdır ki, şirkətlər böyüsün, böyümə haqqında düşünsün və yeni iş yerləri açılsın”.


Bu gün, 15:22
Вернуться назад