Masallı rayonunun Kosakül kəndində, 47 saylı Yol İstismar İdarəsinin ərazisində və ona yaxın sahədə çəkilən görüntülər bir sıra ciddi suallar doğurur.
Fakt.info Regionaz.TV Tənqidi-satirik jurnalist araşdırmasını təqdim edir. Maraqlıdır bu xoşagəlməz mənzərəyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədr cənab Vüsal Nəsirlinin və Ekalogiya Naziri cənab Rəşad İsmayılovun mövqeyi necə olacaq?
Çəkilən foto video faktlardan açiq aydın görünur ki, cay yatağına yaxın ərazi qazılıb, torpaq və çınqıl çıxarılıb, ağır texnika işləyir. Ərazidə çınqıl emalı aparılır, havaya toz qalxır, güclü səs-küy yaranır. Ən düşündürücüsü isə bütün bunların yaşayış evlərinə çox yaxın məsafədə baş verməsidir.
Burada artıq sual yaranır: 47 saylı Yol İstismar İdarəsinin işi yol təhlükəsizliyini təmin etməkdir, yoxsa yolun kənarında yeni “coğrafi xəritə” yaratmaq?
Çay yatağı qazılır, torpaq dəyişdirilir, çınqıl emal olunur. Sabah yağış yağsa və ərazidə torpaq sürüşməsi baş versə, onda məsuliyyət kimin üzərində olacaq?
Təbii ki, biz əvvəlcədən heç kimi qanun pozuntusunda ittiham etmirik. Amma görüntülər araşdırma tələb edir.
Yol idarəsinə suallarımız:
47 saylı Yol İstismar İdarəsi:
Bu ərazidə aparılan qazıntıların hüquqi əsası nədir?
Çay yatağından çınqıl və torpaq götürülməsinə hansı sənəd icazə verir?
Ətraf mühitə təsirin qiymətləndirilməsi aparılıbmı?
Yaşayış evlərinin təhlükəsizliyi nəzərə alınıbmı?
Çınqıl emalı zamanı yaranan toz və səs-küyə kim nəzarət edir?
Bu fəaliyyət yol təsərrüfatının ehtiyacıdırsa, çıxarılan materialın hara və hansı məqsədlə istifadə edildiyi açıqlana bilərmi?
Ekologiya qurumları haradadır?
Bir tərəfdə qazılmış çay yatağı, digər tərəfdə çınqıl yığınları, ortada ağır texnika, havada toz...
Amma qəribədir, mənzərə var, sual var, narahatlıq var – cavab isə hələ yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, aidiyyəti səhiyyə və yerli qurumlar bu əraziyə yerində baxış keçirməli, torpaq, su, hava və səs-küy göstəricilərini araşdırmalı, nəticəni ictimaiyyətə açıqlamalıdır.
Çünki ekologiyaya nəzarət kabinetdən yox, problemin olduğu əraziyə getməklə başlayır.
Regionaz TV olaraq 47 saylı Yol İstismar İdarəsinin və aidiyyəti qurumların rəsmi mövqeyini gözləyirik.
Əgər hər şey qanunidirsə – sənədlər göstərilsin.
Əgər qaydalara əməl olunursa – ölçmə nəticələri açıqlansın.
Əgər problem varsa – tədbir görülsün.
Yoxsa sabah Kosaküldə çay yatağı yox, cavabsız suallar yatağı qalacaq.