DataLife Engine / Ərkivanlı tələbələrlə görüş – 2026

Ərkivanlı tələbələrlə görüş – 2026

Yeni tələbə adı qazanan abituriyentlər, yaz imtahan sessiyasının əlaçı və xüsusi istedadlı tələbələri, həmçinin respublika səviyyəli fənn və idman olimpiadalarında uğur qazanan orta məktəb şagirdləri ilə görüş keçirilib.

2026-cı ildə Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən artıq ikinci dəfə təşkil olunan bu tədbirin əsas məqsədi elm və təhsil sahəsində fərqlənən gənclərin əməyini və nailiyyətlərini yüksək qiymətləndirmək, onların təhsilə marağını daha da artırmaq və yeni uğurlara ruhlandırmaq olub.

Elm xadimlərinin, ziyalıların, müəllimlərin, tələbə və şagirdlərin iştirak etdiyi tədbiri Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov açaraq Cəmiyyətin fəaliyyətində elm və təhsilin xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, gənclərin əldə etdiyi uğurların diqqətdə saxlanılması və onların maddi-mənəvi baxımdan dəstəklənməsi gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına stimul verəcək.

Cəfər Cəfərov tədbir iştirakçılarına bu yaxınlarda işıq üzü görən Ərkivan Xeyriyyə Cəmiyyətinin Hesabat jurnalı haqqında da məlumat verib. Bildirilib ki, nəşrdə Cəmiyyətin yarandığı ilk gündən bu günə qədər həyata keçirdiyi mühüm layihələr – xeyriyyə aksiyaları, təmir-quruculuq işləri, konfranslar, görüşlər, tədbirlər və digər fəaliyyət istiqamətləri geniş şəkildə əks olunub.

Daha sonra Ərkivan Xeyriyyə Cəmiyyətinin fəaliyyəti və həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş etdirilib.

Videoçarxdan sonra SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti Məşkur Qasımov çıxış edib.

Məşkur Qasımov ilk növbədə tədbirdə iştirak edən tələbə və şagirdləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onların hər birinə təhsildə, elmi və ictimai fəaliyyətlərində, gələcək həyat yollarında uğurlar arzulayıb. O bildirib ki, insanın həyatında qazandığı ən böyük sərvətlərdən biri onun biliyi, təhsili və formalaşdırdığı mənəvi dəyərlərdir. Onun sözlərinə görə, gənclərin bu gün göstərdiyi əzm və çalışqanlıq yalnız onların şəxsi gələcəyini deyil, bütövlükdə cəmiyyətin sabahını müəyyənləşdirir.

Çıxışının sonunda Məşkur Qasımov gənclərə müraciət edərək onları əldə etdikləri uğurları daha böyük məqsədlər üçün başlanğıc nöqtəsi kimi qəbul etməyə çağırıb. O bildirib ki, Ərkivanın istedadlı gəncləri qarşıdakı illərdə daha yüksək nəticələr əldə etməli, öz bilik və bacarıqları ilə həm doğma rayonun, həm də Azərbaycanın inkişafına töhfə verməlidirlər.

Daha sonra çıxış edən qonaqlar – Əməkdar jurnalist Zakir Abbas, Əməkdar artist Nizami Mirzəyev, Beynəlxalq dərəcəli idman ustası Cəbrayıl Cəbrayılov, Əməkdar məşqçi Ədalət Ağayev və digər ziyalılar gəncləri təbrik ediblər. Onlar təhsilin insan həyatındakı əhəmiyyətindən danışaraq tələbə və şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tələbələr adından çıxış edən İmaməli Məmmədli elmə və təhsilə göstərilən diqqət və qayğıya görə Ərkivan Xeyriyyə Cəmiyyətinə minnətdarlığını bildirib.

Sonda mükafatlandırma mərasimi keçirilib. Əzmlə çalışan, zəhməti və istedadı ilə fərqlənən gənclərin uğurları layiqincə dəyərləndirilib. Belə ki, 2 xüsusi istedadlı və 9 əlaçı tələbənin hər birinə 300 manat, respublika fənn və idman olimpiadalarında uğur qazanan 8 şagirdə əldə etdikləri medalların dərəcəsinə uyğun olaraq 200, 150 və 100 manat, onların məşqçi-müəllimlərinə isə 100 manat təqdim olunub. Abituriyentlər arasında ən yüksək – 641 bal toplayan Teymur Rzayev 300 manat məbləğində mükafatlandırılıb, digər tələbələrə isə müxtəlif hədiyyələr təqdim olunub.

Bu görüş bir daha göstərdi ki, elmə, təhsilə və istedadlı gənclərə göstərilən diqqət yalnız bu günün uğurlarını qiymətləndirmək deyil, həm də sabahın daha savadlı, intellektual və məsuliyyətli cəmiyyətinin formalaşmasına xidmət edir. Çünki elmə və təhsilə qoyulan sərmayə gələcəyə qoyulan ən qiymətli sərmayədir.














Bu gün, 09:07
Вернуться назад