“Qədir-Xum” restoranında kameralar niyə işləmir?
Bu barədə Mərhəmət Lələyev öz sosial media hesablarında paylaşım edib mətni olduqu kimi təqdim edirik.
Bir əşya itir, kamera “işləmir”, rəhbərlik aydınlıq gətirmir – bəs məsuliyyət kimdədir? 21 avqust 2026-cı il tarixində Bakı–Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən “Qədir-Xum” restoranında əyləşdim. Restorandan çıxdıqdan bir müddət sonra mənə məxsus və mənim üçün böyük dəyər daşıyan əşyanı orada unutduğumu xatırladım. Vaxt itirmədən 21 avqust 2026-cı il tarixində restoranla telefon vasitəsilə əlaqə saxladım. Mənə bildirildi ki, əgər əşya restoranda qalıbsa, kassaya təhvil veriləcək və yaxınlaşdığım zaman götürə biləcəyəm. 5 sentyabr 2026-cı il tarixində İmişli rayonuna gedərkən restorana şəxsən yaxınlaşdım. Administratora məsələni izah etdim və birlikdə kassaya baxdıq. Lakin əşyam kassada yox idi. Bundan sonra daha böyük suallar yarandı.
Restoranın ərazisində təhlükəsizlik kameralarının olduğunu gördüm və təbii olaraq soruşdum: 21 avqustda restoranda nə baş verdiyini kameralar vasitəsilə müəyyən etmək mümkündürmü? Cavab isə belə oldu: “Kameralar işləmir.”
Bəli, söhbət mənim əşyamın itkin düşdüyü tarixdən gedir. Məhz hadisənin baş verdiyi günə aid görüntülərə ehtiyac yarananda kameraların işləmədiyi bildirilir.
Daha sonra restoranın verdiyi əlaqə nömrəsi ilə yenidən əlaqə saxladım. Mənə Vüqar adlı şəxsin nömrəsi verildi. Onunla danışdım. O da kameraların hazırda işləmədiyini bildirdi və mənimlə əlaqə saxlanılacağını söylədi. Amma 5 sentyabr 2026-cı il tarixinədək mənimlə heç kim əlaqə saxlamadı. Ən maraqlısı isə bundan sonra baş verdi. Mən avtomobilimə minib restorandan ayrılmaq istəyərkən ofisiantlardan biri yanıma yaxınlaşdı və məndən əlaqə nömrəsi istədi. Bildirdi ki, əşyamı tapıb mənə qaytaracaq. İndi isə mənim bir sualım var: Kamera işləmirsə, rəhbərlik tapa bilmirsə, administrator tapa bilmirsə, bəs ofisiant necə tapacaq? Mən heç kimi oğurluqda və ya hər hansı başqa qanun pozuntusunda ittiham etmirəm. Lakin bu hadisə ilə bağlı ortaya çıxan sualların cavablandırılmasını tələb edirəm. Mənim üçün dəyərli olan əşyanın taleyinə aydınlıq gətirilməlidir. 21 avqust 2026-cı il tarixində restoranın ərazisində həmin əşyanın itib-batması ilə bağlı nə baş verib? Əşya restoran əməkdaşlarından hər hansı birinin əlinə keçibmi? Keçibsə, niyə kassaya təhvil verilməyib?
Restoranın təhlükəsizlik kameraları həqiqətən işləmirdisə, bunun səbəbi nədir?
Və ən əsası – nə üçün məsələ ilə bağlı mənə indiyədək konkret və əsaslandırılmış cavab verilməyib? Mən jurnalist kimi bu məsələnin üstündən səssiz keçmək fikrində deyiləm. “Qədir-Xum” restoranının rəhbərliyinə açıq çağırış edirəm: məsələni araşdırın, əşyamın harada olduğunu müəyyənləşdirin və ictimaiyyətə də aydınlıq gətirin. Mənim məqsədim heç kimin adına ləkə gətirmək deyil. Məqsədim yalnız mənə məxsus dəyərli əşyanın tapılması və bu müəmmalı vəziyyətə aydınlıq gətirilməsidir. Əgər əşya restorandadırsa, sahibinə qaytarılmalıdır. Əgər restoranda deyilsə, bunun necə və hansı şəraitdə baş verdiyi izah olunmalıdır.
Bu suallar cavabsız qalmamalıdır!
Mövzü ilə bağlı video çıxışımı gözləyin
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Liqa Qəzetinin Baş redaktoru ictimai fəal bloger jurnalist
Mərhəmət Lələyev