DataLife Engine / Elnur Nəbiyev – peşəkarlığı və insani münasibəti ilə seçilən həkim

Elnur Nəbiyev – peşəkarlığı və insani münasibəti ilə seçilən həkim

Səhiyyə sahəsində həkimin peşəkarlığı yalnız tibbi bilik və bacarıqları ilə deyil, pasiyentə göstərdiyi diqqət, qayğı və insani münasibətlə də ölçülür. Xəstəni dinləmək, onun narahatlığını anlamaq, müalicə prosesində mənəvi dəstək göstərmək və hər bir pasiyentə hörmətlə yanaşmaq həkimlik peşəsinin əsas dəyərlərindəndir.

Bu baxımdan həkim-fizioterapevt Elnur Nəbiyev peşəsinə məsuliyyətlə yanaşması, pasiyentlərlə səmimi ünsiyyəti və fərdi yanaşması ilə seçilən mütəxəssislərdəndir.

Nəbiyev Elnur Kitay oğlu 26 may 1975-ci ildə anadan olub. O, 1992–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali tibb təhsili alıb. Hazırda Bakı Reabilitasiya Mərkəzində həkim-fizioterapevt kimi fəaliyyət göstərir.
Elnur Nəbiyevin peşə fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri pasiyentlərə fərdi yanaşmasıdır. Onun üçün xəstə yalnız tibbi xidmət alan şəxs deyil. Həkim hər bir pasiyentin problemini diqqətlə dinləməyə, narahatlığını anlamağa və müalicə prosesində özünü rahat hiss etməsinə çalışır. Pasiyentlərə səmimi və doğma insan münasibəti göstərməsi onun fəaliyyətində insani dəyərlərin mühüm yer tutduğunu göstərir.
Fizioterapiya və reabilitasiya xüsusi səbir, diqqət və davamlı ünsiyyət tələb edən tibbi sahələrdəndir. Müalicənin nəticəsi ilə yanaşı, pasiyentin psixoloji vəziyyətinə həssas yanaşmaq, onda müalicəyə inam yaratmaq və reabilitasiya prosesində onu ruhlandırmaq da mühüm əhəmiyyət daşıyır. Elnur həkimin pasiyentlərlə münasibətində bu xüsusiyyətlər xüsusi olaraq nəzərə çarpır.
Onun şəhid ailələrinə, qazilərə, əlilliyi olan şəxslərə və Vətən qarşısında xidmətləri ilə seçilən insanlara göstərdiyi diqqət və hörmət də təqdirəlayiqdir. Bu insanlara tibbi xidmət göstərməklə yanaşı, onların qayğıları ilə maraqlanmaq və mənəvi dəstək olmaq həkimlik peşəsinin insani mahiyyətini nümayiş etdirir.

Həkimlik böyük məsuliyyət tələb edən və insan həyatına birbaşa toxunan şərəfli peşədir. Bu peşəni yalnız vəzifə deyil, insanlara xidmət missiyası kimi qəbul edən mütəxəssislərin fəaliyyəti cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.

Elnur Nəbiyev də uzun illər ərzində qazandığı tibbi bilik və təcrübəni pasiyentlərin sağlamlığının bərpasına yönəldən, eyni zamanda onlara diqqət və qayğı göstərməyi öz fəaliyyətinin vacib hissəsi hesab edən həkimlərdəndir. Onun pasiyentlərlə səmimi münasibəti həkim-pasiyent etimadının formalaşmasına mühüm töhfə verir.

Belə həkimlərin fəaliyyəti bir daha göstərir ki, həkim yalnız xəstəliyi müalicə edən mütəxəssis deyil. Həkim eyni zamanda xəstəni dinləyən, anlayan, ona güvən verən və çətin müalicə prosesində mənəvi dəstəyini əsirgəməyən insandır.
Elnur Nəbiyevə məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar, möhkəm cansağlığı və gələcək işlərində yeni nailiyyətlər arzulayırıq.
İnsanlara şəfa vermək böyük savabdır, onlara insan kimi dəyər vermək isə böyük ürək tələb edir.

Əfsanə İbrahimova,
Haqq Səsi TV1-in Cənub bölgəsi üzrə nümayəndəsi







Bu gün, 21:31
Вернуться назад