DataLife Engine / ÖLMƏZLİK HAQQI

ÖLMƏZLİK HAQQI

Etimad İsmayılovun unudulmaz xatirəsinə
            (esse)
Hər kəsin bu gəlimli – gedimli, son ucu ölümlü dünyada özündən sonra ÖMÜR salnaməsi qalır... Kimisinin tamamladığı, kimisinin özündən asılı olmayaraq yarımçıq qoyduğu bu salnamələr ömürdən keçən enişli-yoxuşlu, sevincli-kədərli yolları, dolanbacları, bir sözlə, real həyat fraqmentlərini əks etdirir...
Etimad İlyas oğlu İsmayılovun Vətəndən uzaqlara uzanıb gedən ömür yolunun səkkiz il əvvəl yarımçıq qalacağı fikri heç kimin ağlının ucundan belə keçmirdi. Sankt-Peterburq Dövlət Universitetinin hüquq faklütəsində ali təhsilini fərqlənmə diplomu ilə başa vurandan sonra Rusiya Federasiyasının müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olan Etimad bəyin 49 yaşında İstanbul şəhərində qətlə yetirilməsi qardaş Türkiyədə və doğma Azərbaycanda böyük sensasiyaya səbəb oldu... Amma onun amansızlıqla qətlə yetirilməsi təkcə İsmayılovlar ailəsinin faciəsi deyildi. Çünki Etimad bəy qürbətdə yaşayan yüzlərlə soydaşlarımızın ümid ÇIRAĞI idi... 
Müstəqil həyata qədəm qoyduğu gündən ölümü arasında olan VAXT intervalında Etimad İsmayılov özünə sadə insanlar arasında böyük hörmət qazanmışdı. İctimai xadim kimi tanınmışdı. Qanına, canına hopmuş yaxşılıq, xeyirxahlıq və ƏDALƏT hissi sanki Etimadın özü ilə dünyaya bir gəlmişdi... Belə deyirlər ki, irsiyyətin, ailə tərbiyəsinin, hətta  doğulub boya-başa çatdığı coğrafi mühitin də şəxsiyyətin yetişməsində, onun mənəvi-ruhi formalaşmasında danılmaz rolu vardır...
Könüllərdə özünə əbədi abidə ucaldan atası İlyas müəllimin yolu ilə gedən Etimad bəy həmişə ədalətin sorağında olub, haqqa tapınmışdı. Atası tərəfindən 1992-ci ildə təsis edilmiş Ədalət Partiyasının fəallarından biri olmuş, uzun müddət adı çəkilən partiyanın xarici əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərmişdi...
İstər Rusiyanın Çelyabinsk şəhərində, istər böyüklüyünə görə Avropanın ikinci şəhəri sayılan İstanbul kimi nəhəng bir meqapolisdə bizneslə məşğul olanda “yanına vaxtaşırı azərbaycanlılar gəlirdi: hansısa iş, ya müalicə üçün gedib, çətinliyə düşəndən tutmuş pulunu sonacan xərcləyib geri qayıda bilməyənlərə qədər...”  Etimadı tanıyanlar xatirələrində onun necə xeyirxah, darda olana, çətin vəziyyətdə yaşayanlara əl uzatmasından, Türkiyə və Azərbaycan naminə gözünü qırpmadan can verməyə hazır bir şəxs olması və başqa xüsusi məziyyətləri barədə söz açırlar... Çünki Etimad bəy gerçəkdən CƏSUR ÜRƏK sahibi idi.

             “TÜRKİYƏNİ QORUMAQ LAZIMDIR...”
İrland əsilli məşhur Hollivud  rejissoru və prodüsseri Mel Gibsonun baş rolda çəkildiyi “Cəsur ürək” filminə hər dəfə baxanda xalqımızın “Davasına malın verməyən canını da verməz” məsəlini xatırlayıram. Filimdə boynu cəllad tərəfindən vurularkən kraldan belə əhv diləməyən Uilyam adının mənası "iradəli", "qətiyyətli müdafiəçi" deməkdir. Etimad İsmayılov da öz adını əməlləri ilə doğrultmuşdu. Qardaş ölkənin ictimai-siyasi həyatında bacardığı qədər və imkanı daxilində iştirak etməsi, İstanbuldan Fələstin xalqına şəxsən özünün humanitar yardım aparması, 2016-cı ilin iyunun 15-də dövlət çevrilişinə cəhd olunan vaxtda xanımı və məsləkdaşı, məşhur telejurnalist Sevil xanım Nuriyeva ilə birlikdə ən qaynar nöqtələrdə olması, əvvəlcə telestudiyaya, ordan da Ərdoğanı qarşılamaq üçün hava limanına yollanması Etimad bəyin fədakarlığının, cəsur ürək sahibi olmasının bariz nümunəsi idi. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycandan siyasi partiyalar arasından Türkiyəni və hüquqi seçilmiş Prezidenti dəstəkləyən ilk bəyanatı da Ədalət partiyasının sədri rəhmətlik İlyas İsmayılov vermişdi. Üstəlik gəlininə və oğluna gecədən səhərə qədər durmadan zəng edən İlyas müəllim “Türkiyəni qorumaq lazımdır” deyə tövsiyə etmişdi. Təbii ki onların bu fədakarlığı Türkiyə rəhbərliyinin diqqətindən kənar qalmadı. Həmin ilin noyabr ayında Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan yubiley mərasimində iştirak etdi və onu iki günlük rəsmi səfər çərçivəsində Sevil xanım da mediya nümayəndəsi kimi Fransaya səfəri zamanı müşayiət edənlər arasında yer aldı...

 QAPISI ÜMİDLƏ AÇILAN İŞ ADAMI VƏ YA "AĞILSIZCASINA ƏDALƏTLİ BİR İNSAN”
...Təkrar da olsa, bu məsələni bir daha qabartmaq istərdim. Ona görə ki, Vətəndən kənarda yüzlərlə, minlərlə böyük sərvət sahibi olan azərbaycanlı iş adamları var. Çoxu ofisinin qapısını köməyə ehtiyacı olan həmvətənlilərinin üzünə açmır. Sağ ikən öz xalqının gözündə “ölənlər” də az deyil. Amma Etimad bəy qapısı ÜMİDLƏ açılan, ölkəsini ləyaqətlə təmsil edən iş adamı olub. Onun xarakterinə yaxşı bələd olanların fikrincə, Etimad İsmayılov sıradan bir iş adamı deyildi. “Ümumiyyətlə, ona iş adamı demək də özünü doğrultmurdu. Etimad fikir, düşüncə adamıydı, həyata fərqli bir baxışı vardı və illər öncə bir dəfə müsahib olduğum bu şəxs haqda hələ o zaman "Ağılsızcasına ədalətli bir insan" demişdim. Maraqlı həmsöhbət idi, ölkəsini sevirdi, türk dünyasına, bu ideologiyaya öz baxışı, yanaşması vardı. Əgər başqa zamanda doğulub, başqa mühitdə yaşasaydı, yaxşı bir ideoloq da ola bilərdi: qarşısındakına ideoloji sevgisini aşılamaq gücündə idi, fanat ədalətliliyi isə onun obrazını tamamlayırdı.” (Anar, axar.az. 11.10.18) Təkcə  bu fikirlər onun özündən və yaşından qat-qat BÖYÜK İNSAN obrazını və ya portretini görməyə bəs edir...
 Şübhəsiz ki, imdadına yetişdiyi insanlar ürəkdən Etimad bəyin canına duaçı olub, “Kaş belə iş adamlarının sayı çox olsun!” - deyə arzu edirdilər. Fəqət arzular, dualar nə tarixin gedişini, nə də məzmununu dəyişə bilir. Çünki bu dünyada XEYİRİN qəhrəmanları olduğu kimi, ŞƏRİN də öz qəhrəmanları (bədxahlar) mövcuddur...

               CAN CANDAN AYRILDI, YAR YARI ÖLDÜ
...19 sentyabr 2018-ci ildə İstambulda Etimadın xaincəsinə qətlə yetrilməsi qocaman, dağ vüqarlı, məğrur İlyas müəllimin sözün əsl mənasında, belini bükmüşdü. Vəzifəmizdən, titullarımızdan asılı olmayaraq DƏRDİN, gözlənilməz fəlakətin qarşısında hamımız acizik. Mətbuat üçün açıqlamasında "Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır” deyən İlyas müəllim bəd xəbərin ağırlığından çox sarsıldığını dilə gətirmişdi. Göz yaşlarını saxlaya bilməyən Sevil xanım Nuriyeva isə hislərini belə ifadə etmişdi: “Elə bil dünya yıxılıb altında qalmışam...”
 Baş vermiş faciəvi hadisədən Türkiyə Prezidenti dərhal xəbər tutduğundan, məsələni xüsusi nəzarətə götürüb, müvafiq tapşırıqlar verdiyindən də bəhs olunurdu. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın da Etimadın dəfn günü telefon açaraq Sevil xanıma və Etimadın anası Zəkiyyə xanıma başsağlığı verməsi də diqqətçəkən hüzünlü məqamlardan biri idi.
 ...Qəlbi kövrək notlar üzərində köklənmiş, qələm dostumuz rəhmətlik Musa Ələkbərli isə İlyas müəllimə xitabən bu misraları yazmışdı:              
         “Fərhadtək dağları yarıb gəlmişdin,
          Ancaq dözəmmədin övlad dərdinə”  

Mən də öz atamın timsalında – onun uca qamətinin 37 yaşlı qardaşımın tabutu altında necə büküldüyünə şahid olmuşdum...
Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi, keçmiş Baş prokuror və ədliyyə naziri İlyas İsmayılov sevdiyi ana torpağın qoynunda vaxtsız itirdiyi oğlu Etimad bəylə yan-yana uyuyurlar...
    Başınız sağ olsun, İlyas İsmayılovun və Etimad bəyin əqidə dostları!
    Başınız sağ olsun Etimad bəyin anası, İlyas müəllimin ömür-gün yoldaşı!
    Başınız sağ olsun  Etimad bəyin sədaqətli məsləkdaşı Sevil xanım və babasının adını sevə-sevə yaşadan İlyas Etimad oğlu İsmayılov!
   Başın sağ olsun Azərbaycan!

              VARLIĞI YOXLUĞUNDA YAŞAYAN İNSAN
...Kaş Etimad sağ olaydı, 44 günlük Vətən müharibəsində rəşadətli Vətən oğullarımızın yazdığı qəhrəmanlıq salnaməsinə şahid olaydı... Sözsüz ki, onun Vətən səmasında lövbər salan RUHU HƏR ŞEYDƏN agahdır...
Deyirlər, Motsartın da dost sarıdan bəxti gətirməmişdi. Yaxın dostu Salyeri hətta onun ölümündən sonra ecazkar musiqisinin önündə duruş gətirə bilməmiş, dəli olmuşdu. İtaliyan bəstəkarı Paqanini isə əbəs yerə demirdi ki, ağıllı adamlara paxıllıq edirlər, istedadlara ziyan vururlar, dahilərdən intiqam alırlar...
Etimad İsmaylov həm ağıllı, həm istedadlı, həm də çalışdığı sahənin dahisi idi... Zəmanə adamları -bədxahlar isə öz xalqına, milllətinə gərəkli ADAMLARI, işıqlı beyinləri hələ də məhv edə-edə sonu görünməyən faciələrə imza  atır, özlərini “Qalib” sanırlar... Fəqət Etimad bəyin yoxluğuna VARLIĞI məğlub olmadı... Ədalətin tərəfini saxlayan, həqiqəti deyib, ölümün gözünə dik baxan İNSAN Ölməzlik haqqı qazanarmış demə!.. Ölümdən və VAXTAN uca dayanmaq hər kəsə nəsib olmur. Etimad bəyin ÖLÜMDƏN sonrakı həyatı bu gün də davam edir. Bəli,  “Ömür yarımçıq qalmırmış” demək. Bir də deyirlər xatirələr yeganə sığınacaq yeri, məkandır ki, orada təqib olunmuruq... Mən də Etimad bəyin Ədalət partiyasındakı əqidədaşlarının -Çingiz Abbasov, Mütəllim Rəhimli, Abbas Hümbətov, Rahim Nuriyev, Rafiq Əsədli, Elman Bağırov, Füzuli Kərimov və başqalarının xatirəsinin işığında bu yazını araya-ərsəyə gətirdim... Bu yazı həm də ƏDALƏT sevdalısı olan titrək bir RUHUN önündə qəmlə yüklənmiş ürəyin boşalmasıdır. Ruhlar da bizim qəmxarlarımızdır. İllah ki, YAD olunan insanların ruhu!..
Ölümündən sonra Etimad bəyin dostlarına və doğmalarına sadiq qalan ruhuna böyük ehtiramla
 
Nurəddin ƏDİLOĞLU,
17.09.26.





Bu gün, 10:53
Вернуться назад