Fakt.info xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehsan süfrəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Şəhidlərin ruhuna dualar oxunub, onların müqəddəs xatirəsinə ehtiram ifadə olunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. Rayon rəhbəri Vətən uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlığının və fədakarlığının daim ehtiramla yad ediləcəyini, onların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını qeyd edib.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında şəhidlərin Azərbaycanın müasir tarixində əbədi iz qoyduğunu vurğulayıb. Bildirib ki, onların Vətən naminə göstərdikləri qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün örnəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov da çıxış edərək şəhidlərin əziz xatirəsinin yad edilməsinin mühüm mənəvi dəyər daşıdığını bildirib, onların ruhuna dualar oxuyub.
Çıxışlarda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən dövlət qayğısından bəhs olunub, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin daim yaşadılmasının, onların ailələrinə diqqət və qayğının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.












