DataLife Engine / Masallıda Nadir Ağayev və Yaqub Məmmədovun xatirəsinə həsr olunan güləş turnirləri keçirilib

Masallıda Nadir Ağayev və Yaqub Məmmədovun xatirəsinə həsr olunan güləş turnirləri keçirilib

Masallıda Əməkdar məşqçi, SSRİ idman ustası, məşhur pəhləvan Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXX ənənəvi turnir və Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Lənkəran-Astara regionunun açıq turniri keçirilib.

Fakt.info xəbər verir ki, 3-4 oktyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda respublikanın müxtəlif rayon və şəhərlərindən 22 komandanın tərkibində 300-ə yaxın idmançı iştirak edib.

Turnirin açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, 80 illik yubileyi qeyd olunan Yaqub Məmmədov, Nadir Ağayevin yetirməsi, Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman işçisi, Rusiya Federasiyasının Əməkdar məşqçisi Məşkur Qasımov çıxış ediblər.
Çıxışlarda ölkədə idmanın, xüsusilə güləşin inkişafına göstərilən diqqət və qayğının mühüm nəticələr verdiyi vurğulanıb. Bildirilib ki, mötəbər yarışlarda Azərbaycan idmançılarının qazandığı uğurlar ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz təzahürüdür.

Natiqlər Nadir Ağayev və Yaqub Məmmədovun Azərbaycan güləş məktəbinin formalaşmasında və inkişafında xidmətlərindən danışaraq qeyd ediblər ki, bu iki tanınmış güləş ustasının yetirmələri ənənəyə sadiq qalaraq bu gün də Azərbaycanı beynəlxalq və yerli yarışlarda layiqincə təmsil edirlər. Onların qazandığı uğurlar ölkəmizin zəngin güləş ənənələrinin davam etdirilməsinin göstəricisidir.
Bildirilib ki, turnirlərin keçirilməsində əsas məqsəd Nadir Ağayev və Yaqub Məmmədovun keçdiyi şərəfli və zəngin idman yolunun gənc nəslə tanıdılması, yeniyetmələr arasında güləşin inkişafı və kütləviliyinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir.
Nadir Ağayevin qohumu, jurnalist Akif Ağayev turnirin yüksək səviyyədə təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının Əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində tanınmış müğənni Firudin Səfərov və “Masallı” rəqs qrupunun üzvləri musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Daha sonra 80 illik yubileyi münasibətilə Yaqub Məmmədova, Çingiz Həşimova, eləcə də turnirin sponsoru Məşkur Qasımova təşkilat komitəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
Açılış mərasimindən sonra yarışlar başlayıb.
Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq, Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunan yarışlarda 2009-2011-ci il təvəllüdlü U-17 yaş qrupunda yunan-Roma güləşçiləri 10, sərbəst güləşçilər isə 5 çəki dərəcəsində mübarizə aparıblar.

Yarışların sonunda qaliblər təşkilat komitəsi və sponsor tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Komanda hesabında Masallı güləşçiləri uğurlu nəticə göstərərək birinci yerə layiq görülüblər. Masallı komandasının heyətində yunan-Roma güləşi üzrə Məhəmməd Musalı (45 kq – I yer), Mirhəsən Tahirov (45 kq – II yer), Polad Gülverdiyev (48 kq – I yer), Vəliməhəmməd Məmmədov (80 kq – II yer), Tural Eynullayev (92 kq – III yer), sərbəst güləş üzrə isə Əli Baloğlanov (51 kq – I yer), Tural Eynullayev (110 kq – I yer) və Həsən Dadaşov (110 kq – II yer) medal qazanıblar.

Komanda hesabında Sumqayıt idmançıları ikinci, Göyçay pəhləvanları isə üçüncü olublar.
İlk üç yerə sahib olan komandalara kuboklar təqdim edilib.

Beləliklə, Masallıda iki görkəmli güləş mütəxəssisinin – Nadir Ağayev və Yaqub Məmmədovun adını yaşadan ənənəvi turnirlər növbəti dəfə gənc pəhləvanların iştirakı ilə yüksək səviyyədə başa çatıb.







































Bu gün, 20:19
Вернуться назад