DataLife Engine / Əkrəm Həsənov: “Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq”

Əkrəm Həsənov: “Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq”

Bu gün “Bank Standard”ın müflisliyinin 10 ili tamam olur. Bəli, ondan əvvəl də, sonra da banklar müflis olub. Lakin bu, ən böyük müflislik idi. Həmin dövrdə bu bank əmanət həcminə görə birinci yerdə idi. Müflisliyin miqyası da fantastik idi – 1,2 mlrd manat yoxa çıxmışdı. Müflisliyin təqsirkarları çox idi: səhmdarlar, idarəçilər, Mərkəzi Bank və KPMG audit şirkəti. Heç kəs məsuliyyətə cəlb olunmadı. Xatırladıram ki, hələ 2015-ci ilin sonundan başlayaraq bu bank əmanətləri qaytarmırdı. Amma müştəriləri sakitləşdirdilər ki, hər şey yaxşı olacaq. Bankda müvəqqəti inzibatçılıq təyin olundu, dövlət ona vəsait ayırdı, amma həmin pulların da taleyi naməlum qaldı. 2016-cı ilin sentyabrında Mərkəzi Bankın sədri Elman Rüstəmov bu məsələdə də xalqı aldatdı: çıxış edib dedi ki, banka dəstək göstəriləcək, amma bir neçə gün sonra “Bank Standard” ləğv olundu. Təkcə vətəndaşların orada 400 mln manatdan çox pulu batdı. 2017-ci ilin aprel ayında bankda pulu qalmış vətəndaşlar və şirkətlər, yəni kreditorlar məni Kreditorlar Komitəsinin sədri seçdilər (ictimai əsaslarla, yəni pulsuz fəaliyyət göstərirdim). Ölkə tarixində ilk belə hal idi. Komitənin vəzifəsi ləğv prosesinə nəzarət etmək idi. Ləğvedici isə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) oldu. Qısa müddətdə müəyyən etdik ki, bank devalvasiya ilə yanaşı kimə gəldi böyük məbləğlərdə (yüz milyonlarla!) təminatsız kredit verməklə məşğul olub. Bankın borcluları arasında yüksək vəzifəli məmurlara yaxın bizneslər və s. var idi. Bankın vəziyyəti çoxdan pis olsa da, Mərkəzi Bank problemlərə göz yumub, auditor isə həqiqətə uyğun olmayan rəylər verib. Bununla belə, bankın qaytarılmalı və satılmalı olan xeyli vəsaiti də var idi. Ümid edirdik ki, ƏSF vicdanla kreditləri qaytaracaq, əmlakları bazar dəyəri ilə satacaq. Lakin belə olmadı. Buna görə də Kreditorlar Komitəsini də neytrallaşdırdılar. Həm bu bankda, həm müflisləşmiş digər banklarda ƏSF özbaşınalıq edir. Fəaliyyətinə də nəzarət yoxdur. Guya apellyasiya məhkəməsi nəzarət edir, amma formal bir şeydir: hətta rüblük ləğv planları bir illik gecikmə ilə məhkəmə tərəfindən təsdiq olunur. Məsələn, 2025-ci ilin IV rübünün planı 2026-cı ilin IV rübündə təsdiq olunur. Yəni bu, artıq plan da deyil, ədalət mühakiməsini ələ salmaqdır.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
 
Ə.Həsənov qeyd edib ki, nu nəzarətsizlik şəraitində ƏSF prosesi heç bir əsaslandırma olmadan uzadır, çünki ləğv xərcləri bankın vəsaiti hesabınadır: “Bu xərcləri də necə edir – bir Allah bilir, bir də ƏSF rəhbərliyi. Qohum-tanış üçün də yaxşı iş yeridir! Bu əsnada banka borclu olanlara əsassız güzəştlər edilir (elə bil dədələrinin puludur!), məhkəmələrdə iddialar iddia müddətinin buraxılması ilə qaldırılır, kreditorlar arasında vəsait cığallıqla bölüşdürülür və s. və i.a. Qeyri-şəffaflıq şəraitində nə istəyirlər edirlər. Bütün bu hallar da ƏSF-ə 2020-ci ildən rəhbərlik edən Tural Piriyevin dövründə daha da şiddətlənib, qeyri-şəffaflıq pik həddə çatıb. Azərbaycanda testlə hüquq fakültəsinə daxil ola bilməyən və yaxın xaricdə (deyəsən, Dağıstanda) arzusuna çatmış bu şəxs köçürmə yolu ilə BDU-ya gələrək onu birtəhər qurtarıb ölkənin ən aşağı səviyyəli hüquqşünaslarından biri idi. Amma yaxşı əlaqə qurmaq qabiliyyəti var. Bunun hesabına da yekunda ƏSF kimi ən “yağlı” yerin rəhbəri oldu. Nəzarət yox, əlində isə milyardlar. Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq... Hüquq-mühafizə orqanları məsələ ilə maraqlansa, onlara təklifim: məni pulsuz ekspert kimi cəlb edin, ləğv prosesində olan istənilən bankın bütün sənədləri ilə tanış olmaq imkanı yaradın, uzağı 3 ay ərzində xeyli pozuntunun üstünü açıb qoyum qabağınıza...”
Dünən, 23:07
Вернуться назад