DataLife Engine / Qurultayda qarşıya qoyulan vəzifələr Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatında müzakirə olunub

Qurultayda qarşıya qoyulan vəzifələr Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatında müzakirə olunub

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatında müzakirə olunub.

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilatçılığı ilə “Lənkəran Mədəniyyət Mərkəzi” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Tədbir Lənkəran Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri, qurultay nümayəndəsi Bəxtiyar Qılıncov YAP-ın VIII Qurultayının partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirən mühüm siyasi hadisə olduğunu bildirib. O qeyd edib ki, qurultayda səsləndirilən fikirlər ölkənin gələcək inkişaf istiqamətlərini, dövlətçilik prinsiplərinin qorunmasını və partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini özündə ehtiva edir. Bəxtiyar Qılıncov mədəniyyət sahəsində çalışan partiya üzvlərinin milli-mənəvi dəyərlərin qorunması, zəngin tarixi irsimizin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini vurğulayıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxışında VIII Qurultayın qərar və tövsiyələrinin partiyanın gələcək fəaliyyətində mühüm istiqamətverici rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafına, milli maraqlarının qorunmasına və dövlətçiliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.
İqbal Əmənullayev vurğulayıb ki, ölkəmizin qazandığı tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıb. Bu mərhələdə partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, üzvlərin ictimai-siyasi fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır. O, mədəniyyət müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və dövlətçilik ideyalarının təbliğində imkanlarından səmərəli istifadə etməli olduqlarını bildirib.
Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru, qurultay nümayəndəsi Reyhanə Sadıxova çıxışında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, Heydər Əliyev Mərkəzləri dövlətçilik tariximizin, milli ideologiyamızın və Azərbaycançılıq məfkurəsinin təbliğində mühüm rol oynayır.
Lənkəran şəhər Mədəniyyət evinin bədii rəhbəri Habil Əliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, gənc nəslin dövlətçilik ənənələrinə bağlılıq ruhunda tərbiyə olunması baxımından mühüm örnəkdir. Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirici tədbirlərin, görüşlərin və tarixi irsi tanıdan layihələrin davamlı şəkildə həyata keçirilməsi vacibdir.
Həzi Aslanov Ev-Muzeyinin direktoru Vəfa Babayeva çıxışında milli qəhrəmanlarımızın həyat və döyüş yolunun təbliğinin gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi yer tutduğunu bildirib. O, Azərbaycanın qəhrəmanlıq tarixinin, şəhidlərimizin fədakarlığının və xalqımızın mübarizə əzminin gələcək nəsillərə çatdırılmasının hər bir mədəniyyət və muzey əməkdaşının mənəvi borcu olduğunu vurğulayıb. Vəfa Babayeva qeyd edib ki, Həzi Aslanov kimi qəhrəmanlarımızın şərəfli ömür yolu gənclərdə Vətənə sədaqət, milli qürur və məsuliyyət hisslərini gücləndirir. O, dövlətçilik dəyərlərinin təbliği ilə bağlı görülən işlərin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, qurultay nümayəndəsi Leyla Məcidova çıxışında Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və təbliğinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, milli tariximizin, mədəniyyətimizin və adət-ənənələrimizin öyrənilməsi cəmiyyətin mənəvi bütövlüyünün qorunmasına, gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edir. Leyla Məcidova vurğulayıb ki, muzeylər yalnız tarixi eksponatların qorunduğu məkanlar deyil, eyni zamanda, ictimai maarifləndirmənin, tarixi yaddaşın yaşadılmasının və milli özünüdərkin formalaşdırılmasının mühüm mərkəzləridir. O, bu istiqamətdə müasir yanaşmaların tətbiqinin, maarifləndirici layihələrin artırılmasının və mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə çıxışlar ətrafında fikir mübadiləsi aparılıb, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, tarixi irsin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri müzakirə olunub.
Sonda qeyd edilib ki, hər bir partiya üzvü üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, cəmiyyətin maarifləndirilməsinə və ölkəmizin inkişafına öz töhfəsini verməlidir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.







Bu gün, 12:02
Вернуться назад