DataLife Engine / Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub.

Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub.

Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub. 
Fakt.info xəbər verir ki, Hindistanın Azərbaycandakı Səfirliyi Hindistan və Azərbaycanın zəngin bədii ənənələrini və uzunmüddətli mədəni əlaqələrini qeyd etmək məqsədilə xüsusi rəsm sərgisi və kitab oxu sessiyası təşkil edib.
Tədbir müxtəlif yaş qruplarından olan azərbaycanlı gənc tələbələri və rəssamları bir araya gətirərək incəsənət, ədəbiyyat, musiqi və mədəni mübadilə ilə zəngin maraqlı bir günün keçirilməsinə şərait yaradıb.

Tədbirin əvvəlində Hindistanın Azərbaycandakı səfiri  Abhay Kumar iştirakçıları Hindistanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələrini nümayiş etdirən səfirliyin daimi sərgisi ilə tanış edib.

İştirakçılar qarşısında çıxış edən səfir Abhay Kumar azərbaycanlı tələbə və rəssamların tədbirdə böyük həvəslə iştirak etməsindən məmnunluğunu ifadə edib
Rəsm sərgisi tədbirin əsas diqqətçəkən hissələrindən biri olub. Sərgidə azərbaycanlı gənc tələbə və rəssamların Hindistanın zəngin mədəni irsini və Azərbaycanla tarixi əlaqələrini əks etdirən əsərləri nümayiş etdirilib. Rəsmlərdə Atəşgah məbədi, hindu tanrıları, Hindistan xalqı, ənənəvi geyimlər və Hindistanın rəngarəng mədəni həyatının digər elementləri təsvir olunub. Sərgi iştirakçılara öz bədii təfsirləri vasitəsilə Hindistan mədəniyyətinə olan rəğbətlərini ifadə etmək üçün yaradıcı platforma təqdim edib.

Tədbirdə fəxri qonaq olaraq iştirak edən Beynəlxalq Qalereyanın direktorları Elnurə İsgəndərova, Aygün  Əzizova,  əməkdar artisti Səlim Abbasov, xebertime.az  saytının rəhbəri Yeganə Telmanqızı, jurnalist Kamran Orucov  çıxışlarında   18 Oktyabr -  Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik ediblər. Belə sərgi və tədbirlərin  dövlətlərarası mədəniyyətlərin inkişafına töhfə verdiyi qeyd ediblər. 

Sərgidə Seva Art Studionun rəhbəri Sevinc Verdiyeva, ART Floow Tədris Mərkəzinin  rəhbəri Günay Məmmədova , AESİM brendinin rəhbəri Aygün Kamilqızı, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Nigar Əzimova, FA Art Studionun rəhbəri Fatma Əliyeva tələbələri ilə iştirak edirdilər.
Sərgidə iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub. 

Tədbirin mühüm məqamlarından biri səfir Abhay Kumarın rəhbərliyi ilə keçirilən Pançatantradan xüsusi kitab oxuma sessiyası olub. Səfir dünya miqyasında tanınan klassik Hindistan əsəri “Pançatantra”dan iki hekayə oxuyub. Maraqlı süjetləri, müdriklik, dostluq və gündəlik həyatla bağlı dərsləri ilə tanınan bu ölməz hekayələr azərbaycanlı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Pançatantra” əsrlər boyu müxtəlif mədəniyyətlər və nəsillər arasında yayılıb. Bu əsər Azərbaycanda da əsrlərdir, o cümlədən uşaqlar arasında oxucuların marağını cəlb edən “Kəlilə və Dimnə” adı ilə geniş tanınır.
Proqram çərçivəsində azərbaycanlı ifaçıların Hindistan mahnılarının sədaları altında təqdim etdikləri canlı rəqs çıxışları da nümayiş olunub. Bu çıxışlar tədbirin bayram əhval-ruhiyyəsini daha da artıraraq yerli tamaşaçılar arasında Hindistan musiqisi və rəqsinə olan marağı nümayiş etdirib. Tədbir iştirakçılara Hindistanın müxtəlif və zəngin kulinariya ənənələrini dadmaq imkanı verən hind mətbəxinin təamları ilə yekunlaşıb.







Müxbir: Aygün Oqtay 
Fotoqraf: Ayaz
Operator: Camal
Dünən, 18:42
Вернуться назад