DataLife Engine / 67 şəhər və rayon öz gəliri ilə dolanacaq – Kim nə qədər qazanıb xərcləyəcək?

67 şəhər və rayon öz gəliri ilə dolanacaq – Kim nə qədər qazanıb xərcləyəcək?

Xəbər verdiyimiz kimi, gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısının öz xərclərini yerli gəlirləri hesabına qarşılaması nəzərdə tutulur.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
Fakt.info şəhər və rayonlar üzrə 2027-ci il üçün proqnozlaşdırılan gəlir və yerli xərcləri araşdırıb.
Sənədə əsasən, 67 şəhər və rayon üzrə ümumi gəlirlərin 18 milyard 430 milyon manat, yerli xərclərin isə 735 milyon 575 min manat olacağı proqnozlaşdırılır. Gəlirlərin yerli xərclərdən artıq olan 17 milyard 694 milyon 425 min manatlıq hissəsinin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, yerli gəlirlər şəhər və rayonlar üzrə büdcəyə daxil olması gözlənilən vəsaiti, yerli xərclər isə həmin ərazilərin yerli büdcələrindən maliyyələşdirilməsi nəzərdə tutulan xərcləri ifadə edir. Şəhər və rayonların gəlirləri yerli xərclərindən çox olduqda, artıq qalan məbləğ dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir.

Şəhərlər arasında ən yüksək gəlir Bakı və Sumqayıtda, ən aşağı isə Xankəndidə proqnozlaşdırılıb

Belə ki, Bakı şəhərinin gəlirlərinin 16 milyard 649 milyon 450 min manat, yerli xərclərinin isə 326 milyon 784 min manat olacağı gözlənilir. Gəlirlərlə yerli xərclər arasındakı 16 milyard 322 milyon 666 min manatlıq fərqin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

Gəlir həcminə görə ikinci yerdə Sumqayıt şəhəri qərarlaşıb. Burada gəlirlərin 288 milyon 300 min manat, yerli xərclərin isə 25 milyon 38 min manat olacağı proqnozlaşdırılır. Gəncə şəhəri üzrə isə gəlirlərin 152 milyon 350 min manat, yerli xərclərin 28 milyon 909 min manat təşkil edəcəyi gözlənilir.

Şəhərlər arasında ən aşağı gəlir göstəricisi isə Xankəndi üzrə qeydə alınıb. Belə ki, şəhərin gəlirləri 10 milyon manat proqnozlaşdırılıb, cədvəldə yerli xərclər üçün isə məbləğ göstərilməyib.

Rayonlar arasında ən yüksək gəlir Abşeron və Tovuzda, ən aşağı isə Ağdərədə gözlənilir

Rayonlar üzrə göstəricilərə gəlincə, ən yüksək gəlir Abşeron rayonunda proqnozlaşdırılıb. Belə ki, rayonun gəlirlərinin 133 milyon 500 min manat, yerli xərclərinin isə 11 milyon 438 min manat olacağı nəzərdə tutulur.

Gəlir həcminə görə ikinci yerdə Tovuz rayonu qərarlaşıb. Burada gəlirlərin 56 milyon 270 min manat, yerli xərclərin isə 8 milyon 374 min manat olacağı gözlənilir.

Rayonlar arasında ən aşağı gəlir isə Ağdərə üzrə proqnozlaşdırılıb. Sənədə əsasən, rayonun gəlirləri 1 milyon 810 min manat təşkil edəcək. Ağdərədə yerli xərclər üçün məbləğ göstərilməyib.

Füzuli rayonunda gəlirlərin 18 milyon 410 min manat, yerli xərclərin isə 5 milyon 938 min manat olacağı gözlənilir. Gəlirlərlə yerli xərclər arasındakı 12 milyon 472 min manatlıq fərqin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

Xocavənd rayonunda gəlirlərin və yerli xərclərin eyni məbləğdə, 2 milyon 529 min manat olacağı göstərilib. Xocalı rayonunun gəlirləri isə 3 milyon 250 min manat, yerli xərcləri 2 milyon 302 min manat proqnozlaşdırılıb.

Qeyd edək ki, bu rəqəmlər 2027-ci il üçün nəzərdə tutulan proqnozlardır, faktiki gəlir və xərclər deyil.
Bu gün, 13:43
Вернуться назад