DataLife Engine / Masallıda Dini icma sədri və onun ASAN Xidmətdə çalışan oğlunun adı "yetim pulu" qalmaqalında

Masallıda Dini icma sədri və onun ASAN Xidmətdə çalışan oğlunun adı "yetim pulu" qalmaqalında

Bəzən elə iddialar ortaya çıxır ki, insan eşitdiklərinə inanmaqda çətinlik çəkir. Masallı rayonunun Sığdaş kəndində şeytanın belə ağlına gəlməyəcək hadisə baş verib. Əgər iddialar təsdiqini taparsa, söhbət təkcə sosial ödənişlərlə bağlı mümkün qanun pozuntusundan deyil, həm də himayəyə və dövlət müdafiəsinə ehtiyacı olan uşaqların hüquqlarının pozulmasından gedə bilər.

Şikayətçilər vəfat etmiş şəxslərin adına qəyyumluq rəsmiləşdirilməsi və azyaşlılara aid sosial ödənişlərin mənimsənilməsi ilə bağlı iddiaların araşdırılmasını tələb edirlər.

Masallı rayonunun Sığdaş kəndindən daxil olan şikayət məktubunda dövlətin uşaqların müdafiəsi məqsədilə ayırdığı sosial ödənişlərin qanunsuz əldə edilməsi ilə bağlı ciddi iddialar irəli sürülüb. İddiaların mərkəzində kənd sakini, “Murtuza-Əli” ocaq kompleksinin və məscidin dini icmasının sədri Hümmət Cəfərov, onun oğlu, Masallı Regional ASAN Xidmətin Vətəndaşların hüquqlarının təminatı sektorunun əməkdaşı Toğrul Cəfərov, eləcə də kəndin digər sakinləri Fəxrəddin Əliyev və onun oğlu Sərhəddin Əliyevin adları yer alır.

Şikayətçilərin iddiasına görə, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq azyaşlı uşaqların vəfat etmiş şəxslərin qəyyumluğunda göstərilməsi üçün sənədləşmə aparıb, bu yolla uşaqlara aid sosial ödənişlərdən yararlanıblar.

Şikayət məktubunda göstərilir ki, Sığdaş kənd sakini Babayeva Zərifə Vahab qızı 17 oktyabr 1939-cu ildə anadan olub və 2 avqust 2010-cu ildə vəfat edib.
Şikayətçilərin bildirdiyinə görə, Əliyev Sərhəddin Fəxrəddin oğlu öz övladı Ramin Əliyevi həmin vaxt artıq həyatda olmayan Zərifə Babayevanın qəyyumluğunda olan uşaq kimi rəsmiləşdirib.
Şikayətçinin iddiasına əsasən, mərhum Zərifə Babayevanın adına rəsmiləşdirildiyi bildirilən qəyyumluqla əlaqəli uşağa aid ödəniş kartı uzun illər Toğrul Cəfərov istifadə edib.

Şikayət məktubu Sığdaş kənd sakini Sahibova Azadə Məzahir qızı və Babaküçə kənd sakini Əkbərov Tale Maşalla oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Baş prokurora, ədliyyə nazirinə, əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanlanıb. Şikayətçilər məsələnin ictimailəşdirilməsi məqsədilə məktubun bir nüsxəsini də Fakt.info xəbər portalına göndəriblər.

Şikayətçilərdən Azadə Sahibova Ramin Əliyevin nənəsi olduğunu bildirərək nəvəsinin taleyindən narahatlığını ifadə edir. Onun iddiasına görə, məsələ ilə bağlı etirazlarını bildirərkən qarşı tərəfdən şikayətlərinin nəticəsiz qalacağı və yuxarı instansiyalarda əlaqələrinin olduğu məzmununda cavablar alıb.

Digər şikayətçi Tale Əkbərov isə məktubunda Fəxrəddin Əliyevin digər nəvəsi Aytac Əliyevanın da başqa bir vəfat etmiş şəxsin qəyyumluğunda rəsmiləşdirildiyini və həmin uşaq üçün nəzərdə tutulan ödənişlərdən istifadə edildiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, Fəxrəddin və Sərhəddin Əliyevlə bağlı daha bir iddia mərhum Ağanisə Əmirovanın adına tanımadığı şəxslərin qəyyumluq qaydasında rəsmiləşdirilməsi ilə əlaqədardır. Bu məlumatların hansı sənədlərlə təsdiqləndiyi hələlik məlum deyil.

İctimaiyyətin diqqətini çəkən əsas məqam iddialarda dini icma sədri Hümmət Cəfərovun və onun oğlu, Masallı Regional ASAN Xidmətdə çalışan Toğrul Cəfərovun adlarının hallanmasıdır.
Dini icmaya rəhbərlik edən şəxsin adının belə ciddi iddialarda çəkilməsi ictimai etimad baxımından həssas məsələdir. Digər tərəfdən, dövlət xidmətində çalışan əməkdaşın adının sənədləşmə və sosial ödənişlərlə bağlı şikayətdə hallanması aidiyyəti qurumların məsələni diqqətlə araşdırmasını zəruri edir.

Şikayətçilər iddiaları ilə bağlı Hüquq-mühafizə orqanlarında ciddi araşdırılmasını xahiş edirlər.
Bir sıra suallara aydınlıq gətirilməlidir: Vəfat etmiş şəxslərin adına qəyyumluq rəsmiləşdirilməsi barədə iddialar hansı sənədlərə əsaslanır? Qəyyumluq qərarlarını hansı qurumlar qəbul edib? Uşaqlara aid ödənişlər hansı şəxslərin hesablarına və ya kartlarına köçürülüb? Həmin vəsaitlərdən faktiki olaraq kim istifadə edib? Sənədləşmə prosesində dövlət qurumlarının əməkdaşlarının iştirakı və ya mümkün səhlənkarlığı olubmu?

Qeyd: Hazırda təqdim olunan məlumatlar şikayətçilərin iddialarına əsaslanır. İddiaların təsdiqlənməsi, hüquqi qiymətləndirilməsi və mümkün məsuliyyət məsələsi səlahiyyətli orqanların araşdırmasından asılıdır.

Fakt.info iddialara görə heç bir məsuliyyət daşımır. Qarşı tərəfin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.





Bu gün, 19:01
Вернуться назад