DataLife Engine / Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA

Ramiz Mehdiyevin cəzası azaldılacaq? - AÇIQLAMA

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin icraatına verilib.

Məhkəmənin ilk iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.

Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxs barəsində qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olmayana qədər onun hər hansı cinayəti törətməkdə təqsirləndirilməsi həmin cinayəti törətməsi anlamına gəlmir:

"Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasında təqsirsizlik prezumpsiyası hüququ ilə bağlı öz əksini tapıb. Təqsirsizlik prezumpsiyası konstitusion hüquqdur. Nəticə etibarilə, bu prinsip şəxslər barəsində yanlış məlumatların yayılmasının qarşısını almağa və onların hüquqlarını pozuntulardan qorumağa xidmət edir.
Eyni Ramiz Mehdiyev də Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi onun da barəsində çıxarılmış məhkəmə hökmündən apellyasiya şikayəti vermək hüququ var. Onun şikayətinin təmin olunub-olunmayacağı məsələsinə gəlincə, bunu öncədən bilmək mümkün deyil. Nəticə etibarilə, bu, yalnız  məhkəmənin qərarından sonra müəyyənləşəcək”.

Hüquqşünasın sözlərinə görə, Ramiz Mehdiyevə təyin edilmiş azadlıqdan məhrum etmə çox yüngül cəzadır:

"İndiki halda onun barəsində kifayət qədər güzəştli cəza verilib. Faktiki olaraq, dövlətə xəyanətdə ittiham olunan bir şəxsin şərti cəza alması Azərbaycan məhkəmə tarixində nadir hallardan biridir. Bu səbəbdən ona çox yüngül cəza verilib”
Bu gün, 13:59
Вернуться назад