Fakt.info xəbər verir ki, Masallı rayonu C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin idman zalında təşkil olunan ilk məşqdə idmanla məşğul olan uşaqlarla yanaşı, qəsəbənin idmansevərləri də iştirak ediblər.
Tədbirdə çıxış edənlər Ərkivanda taekvondo idman növü üzrə məşqlərin təşkil olunmasını müsbət qiymətləndirərək, bu təşəbbüsün uşaqların fiziki inkişafı, sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Məşqlərin keçirildiyi idman zalında Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən təmir və abadlıq işləri həyata keçirilib, həmçinin məşqlərin təşkili üçün zala müxtəlif idman avadanlıqları hədiyyə edilib.
Taekvondo məşqlərinə SSRİ idman ustası, taekvondo idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 3-cü dan qara kəmər sahibi Ədalət Ağayev rəhbərlik edir.
Ərkivanda yeni idman istiqamətinin fəaliyyətə başlaması qəsəbədə uşaqların və yeniyetmələrin idmana cəlb olunması, onların fiziki hazırlığının və idman bacarıqlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirilir.

















