DataLife Engine / TikTok yeniyetmələrin təhlükəsizliyi üçün yeni alətlər təqdim edib

TikTok yeniyetmələrin təhlükəsizliyi üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri” funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfindən yaradılan kontentin tanınması və kontent yaradıcılarının razılığı olmadan onların xarici görünüşündən istifadə edilməsinin qarşısını almağa yönəlmiş yeni texnologiyaların tətbiqi yer alır.

TikTok istifadəçilərin platformada özlərini təhlükəsiz və rahat hiss etmələrinə kömək edən alətləri təkmilləşdirməyə davam edir. Təqdim olunan yeniliklər ailələrin yeniyetmələrin rəqəmsal vərdişlərini daha yaxşı anlamasına, istifadəçilərin və kontent yaradıcılarının isə generativ süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış məzmunu müəyyənləşdirmək və öz maraqlarını qorumaq üçün daha geniş imkanlar əldə etməsinə yönəlib.
Yeniyetmələrin rəqəmsal fəaliyyəti haqqında daha ətraflı məlumat

TikTok valideynlərə öz hesablarını yeniyetmə övladlarının hesabları ilə əlaqələndirməyə, onların təhlükəsizlik və məxfilik parametrlərini idarə etməyə imkan verən yenilənmiş "Ailə ayarları” funksiyasını təqdim edib.

TikTok-da yeniyetmələrin hesablarında artıq bir sıra daxili təhlükəsizlik mexanizmləri mövcuddur. Bunlara məxfilik parametrləri, məzmuna tətbiq edilən yaş məhdudiyyətləri və standart olaraq müəyyən edilmiş gündəlik 60 dəqiqəlik ekran vaxtı limiti daxildir. Son yeniləmə bu imkanları tamamlayaraq valideynlərə övladlarının platformadan necə istifadə etməsi barədə daha ətraflı və əyani məlumat əldə etmək imkanı yaradır.

Yenilənmiş interfeys dörd əsas istiqaməti əhatə edir:

•Ekran vaxtı. Artıq valideynlər "Ailə ayarları” funksiyasından istifadə edərkən ilk növbədə yeniyetmənin TikTok-da keçirdiyi orta vaxt, gecə saatlarındakı aktivliyi və müəyyən edilmiş məhdudiyyətlər barədə məlumatları görə biləcəklər. Bu məlumatlar əvvəllər də əlçatan olsa da, son yeniləmələr sayəsində daha aydın və nəzərdən keçirilməsi asan formada təqdim olunur.

•Qarşılıqlı əlaqələr. Valideynlər yeniyetmənin izləyici və izlədiyi hesabların sayındakı dəyişiklikləri izləyə, onun qarşılıqlı əlaqədə olduğu hesabları, eləcə də blokladığı profilləri görə biləcəklər.

•Maraq dairəsi. Valideynlər yeniyetmənin izlədiyi kontent yaradıcılarının videolarından ibarət seçilmiş məzmunu nəzərdən keçirərək onun hansı mövzulara və icmalara maraq göstərdiyini daha yaxşı anlaya biləcəklər.

•Paylaşımlar. Yeni bölmə valideynlərə yeniyetmənin həftə ərzində paylaşdığı açıq videoları və həmin videoların baxış sayını görməyə imkan verəcək.
Bu məlumatlar hər gün yenilənəcək. Valideynlərin rahatlığı üçün yenilənmiş "Ailə ayarları” funksiyası veb-brauzer vasitəsilə də əlçatan olacaq.


Bu gün, 10:53
Вернуться назад